İcra Hakimiyyəti
İH Başçısının hesabatı
Yasamal rayon İcra Hakimiyyətinin rayonun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair
HESABAT
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik” ili elan olunması barədə Sərəncamın icrası ilə əlaqədar Yasamal rayonunda idarə, müəssisə və təşkilatlarda, eləcə də təhsil, səhiyyə, mədəniyyət ocaqlarında silsilə tədbirlər, seminarlar, konfranslar, dəyirmi masalar baş tutmuşdur. Yasamal rayonunda 2025-ci il şəhər və rayon əhəmiyyətli tədbirlərlə bərabər, həm də respublika əhəmiyyətli tədbirlərlə əlamətdar olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyun ayının 10-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılış mərasimində iştirak etməsi rayonumuzun tarixində növbəti qürurverici hadisə olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə Yasamal rayonunda bütün zəruri tədbirlər görülür. Məşğulluq sahələri yaradılaraq 2025-ci il ərzində 7096 yeni iş yerləri açılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərman, Sərəncamlarının və digər tapşırıqlarının icrasının təmin olunması istiqamətində Yasamal rayonunda xeyli işlər həyata keçirilib. Əhalinin sosial problemlərinin həlli başlıca prioritet kimi önə çəkilib. Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən yaşayış binalarının elektrik paylayıcı və giriş şitlərinin yararsız hissələri dəyişdirilmiş, qeyri-standart qoruyucular daha müasir standarta uyğun olanlarla əvəz olunmuş, rayonumuzda abunəçilər elektrik enerjisi ilə bütünlüklə təmin edilmişlər. “Azəristiliktəchizat“ Açıq Səhmdar Cəmiyyətinin 8 və 14 saylı İstilik Sistemlərinin İstismarı Sahələri tərəfindən əhalinin istiliklə təchizatı sahəsində məqsədyönlü işlər davam etdirilmişdir. İstilik sahələri tərəfindən 378 yaşayış binası, 15 tam orta məktəb, 12 uşaq bağçası, 12 səhiyyə obyekti, 22 büdcə təşkilatı və 263 özəl obyektlər istiliklə təmin olunur. Lakin “Azəristiliktəchizat“ Açıq Səhmdar Cəmiyyətinin əsas istilik təchizatçısı olduğunu nəzərə alaraq, hesab edirəm ki, bu sahədə yeni imkanlar yaradılmalı, xüsusilə digər yaşayış binalarının istiliklə təminatı müsbət həll edilməlidir. Yasamal Rayon Sukanal İdarəsi tərəfindən rayon ərazisində iri həcmli işlər görülmüş, 1541 metr müxtəlif diametrli yeni su xətti çəkilmiş, 967 metr su xətti isə təmir olunmuşdur. Kanalizasiya şəbəkələri üzrə 949 metr yeni kanalizasiya borusu çəkilmiş, 362 metr boru təmir olunmuşdur. Su təchizatında baş vermiş 2512, kanalizasiya sistemində 8377 qəza aradan qaldırılmışdır. Məhəllədaxili su nasos stansiyalarında 3 ədəd yeni nasos və 1 ədəd yeni elektrik mühərriki quraşdırılmış, 27 ədəd nasos, 4 ədəd elektrik mühərriki təmir olunmuşdur. Ümumilikdə 109071 abunəçi, onlardan 86,7 faizi fasiləsiz su ilə təmin olunmuşdur. Sayğaclaşma 94 faiz təşkil etmişdir. Ümid edirik ki, 13 faizdən çox abunəçinin də içməli su ilə fasiləsiz təmin olunması istiqamətində işlər davam etdiriləcəkdirdir. Bakı Regional Qaz İstismarı İdarəsi tərəfindən rayon əhalisinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədi ilə Akim Abbasov, Zahid Xəlilov, Rahib Tağıyev, Nabat Aşurbəyova, Dadaş Bünyadzadə, Ümid Əkbərov, Zivərbəy Əhmədbəyov, Məhəmməd Naxçıvani, Fuad İbrahimbəyov, Süleyman Tağızadə, Mustafa Sübhi, Lev Tolstoy, Mirəli Seyidov, Əsəd Əhmədov, Salatın Əsgərova, İslam Səfərli, Vidadi, Xaqan Dadaşov, Həsən bəy Zərdabi, Qurban Xəlilov, Bəxtiyar Vahabzadə, Seyfəddin Dağlı, Ayna Sultanova, General Məmmədşərif Həmidov, Abbas Mirzə Şərifzadə, Şıxəli Qurbanov, Süleyman Rəhimov küçələrində, Hüseyn Cavid prospektində, 1-ci Alatava, 2-ci Alatava, Yeni Yasamal-2 yaşayış massivlərində müxtəlif diametrli yeni qaz xəttləri çəkilmiş, yararsız vəziyyətdə olan xəttlər yeniləri ilə əvəzlənmiş, çoxsaylı yeraltı qaz sızmaları aşkar edilərək ağır faciələrə səbəb ola biləcək halların qarşısı vaxtında alınmışdır. Rayon ərazisində küçə və prospektlərin işıqlandırılması istiqamətində “Bakı Şəhər İşığı” Yasamal Texniki İstismar Xidməti Sahəsi tərəfindən proflaktik və təmir işləri aparılmış, Ayna Sultanova, Abbas Mirzə Şərifzadə, Şıxəli Qurbanov, Ələsgər Ələkbərov, Nəriman Nərimanov, Zivərbəy Əhmədbəyov və digər küçə və prospektlərdə nasaz lampalar, işıqlandırma çıraqları və müxtəlif elementlər yeniləri ilə əvəz edilmiş, 2612 paqonmetr kabel xətti dəyişdirilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın dəstəyi ilə abad məhəllələrin yaradılmasının rayonumuzda geniş vüsət alması təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. 2025-ci il aprelin 13-də Yeni Yasamal yaşayış massivi 1, 7 və 8 saylı yaşayış evlərinin ərazisindəki abad məhəllənin açılış mərasimində Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva iştirak etmişlər. Bu tədbirlərdə rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi, Yasamal bələdiyyəsi, rayon Yaşıllaşdırma İdarəsi, “Bakı Şəhər İşığı” Yasamal Texniki İstismar Xidməti Sahəsi, Yasamal rayon Sukanal İdarəsi fəallıq göstərmişlər.
Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən rayonda ekoloji tarazlığın qorunması və bərpası, yaşıllıq zolaqlarının salınması istiqamətində keçirilmiş ağacəkmə və eko-aksiyaların həcminə, intensivliyinə və effektivliyinə görə rayonumuz fərqlənmiş, yaşayış məhəllələrinin, uşaq meydançalarının abadlaşdırılması, məhəllədaxili yolların asfaltlanması, dam örtüklərinin təmiri, işıq dirəklərinin yenilənməsi, rayonun küçə və prospektlərinin təmizliyi işləri ardıcıl sürətdə davam etdirilmişdir.
Payız-qış mövsümünə hazırlıq, abadlıq-quruculuq və təmizlik işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi nəzarətdə saxlanılmışdır və mütəmadi olaraq nəzarətdə saxlanılır. Növbəti payız-qış mövsümünə hazırlıq işlərinin təmin edilməsi və yaranmış problemlərin operativ aradan qaldırılması məqsədi ilə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 4 sentyabr 2025-ci il tarixli 236 nömrəli Sərəncamı ilə Qərargah yaradılmış və “Tədbirlər Planı” təsdiq edilmişdir. Bununla bağlı 2025-ci il noyabrın 18-də Yasamal Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının və şəhər təsərrüfatı rəhbərlərinin iştirakı ilə geniş iclas keçirilmişdir.
2025-ci ilin ilin may ayından başlayaraq “Sovetski” adlanan ərazidə söküntü işlərinin yeni mərhələsinə start verilmiş, bu vaxta qədər ümumilikdə 1619 nəfər vətəndaş ilə razılaşma protokolu tərtib edilmiş, onlardan 1479 nəfər ilə artıq notarial qaydada alqı-satqı müqaviləsi imzalanmışdır. Hal-hazırda müvafiq komissiya öz işini davam etdirir.
Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 24 noyabr 2025-ci il tarixli 301 nömrəli Sərəncamına əsasən çoxmərtəbəli yaşayış və vətəndaşların kütləvi iştirak etdiyi qeyri-yaşayış binalarında yerləşən bütün növ xidmət və ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarının pozulması, qadağan olunan qaz və elektrik cihazlarından istifadə, qaz və elektrik təchizatında texniki istismar qaydalarına riayət edilməməsi, təhlükə mənbələrinin aşkarlanması, baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi, bununla da irimiqyaslı fövqəladə hadisələrin qarşısının vaxtında alınması məqsədilə işçi qruplar yaradılmışdır. Monitorinq zamanı 134 mənzil-tikinti kooperativi binasına və 226 qeyri-yaşayış sahəsinə texniki baxış keçirilərək aşkar edilmiş nöqsanlara görə 151 xəbərdarlıq edilmiş, 170 akt tərtib edilərək tədbirlər görülməsi üçün aidiyyəti qurumlara təqdim edilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çağırışına qoşularaq şəhərimizdə, o cümlədən Yasamal rayonunda ən aktual məsələlərdən biri olan körpələr evi-uşaq bağçalarındakı sıxlığın aradan qaldırılması məqsədi ilə MİDA Yasamal Yaşayış Kompleksində 351 nömrəli körpələr evi-uşaq bağçasının yaxın zamanda istifadəyə verilməsi, Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika İncəsənət Gimnaziyasının əsaslı təmiri yeniyetmə və gənc nəslin mədəni və mənəvi inkişafına diqqət və qayğı kimi qiymətləndirilməlidir.
Yasamal Rayon İcra Hakimiyyəti 2025-ci il ərzində də vətəndaş məmnunluğunun təmin olunmasını əsas fəaliyyət prioriteti kimi müəyyən etmişdir. Xüsusilə sosial şəbəkələrdə müraciətlərin operativ cavablandırılması istiqamətində ardıcıl və sistemli iş aparmışdır.
Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə və rəqəmsal platformalarda yüksək fəallıq nümayiş etdirmiş, vətəndaşlardan daxil olan müraciət, sual və şikayətlər daim diqqətdə saxlanılmışdır. Bu baxımdan “Hadisə” platforması vasitəsilə daxil olan məlumatların təhlili göstərir ki, il boyu ərzində Yasamal Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən qeydə alınan müraciətlərin 99 faizi rəsmi şəkildə və vaxtında cavablandırılmışdır. Xüsusilə də Facebook, İnstagram və Youtube kanalı vasitəsilə sakinlərdən daxil olan sual və müraciətlər çevik və qısa müddət ərzində cavablandırılır.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının aparatına 2025-ci ildə 3904 müraciət daxil olmuşdur. Onlardan 3702-si ərizə, 201-i şikayət, 1-i təklif olmaqla 1961-i yuxarı dövlət orqanlarından, 773-ü mərkəzi icra hakimiyyəti orqanlarından, o cümlədən 264-ü nəzarətlə göndərilmişdir. 3750 müraciətə “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə uyğun olaraq baxılması təmin edilmişdir, 154 müraciətin baxılma müddəti vardır. Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən 42 qəbulda 849 nəfər vətəndaş qəbul edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün silsilə səyyar qəbul keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinlərinin sosial problemlərinin əsaslı surətdə həlli məqsədilə rayonun müxtəlif ərazilərində il ərzində 44 səyyar qəbul keçirmiş, burada 4105 nəfərdən çox rayon sakini iştirak etmişdir. Ötən dövrdə daxil olan müraciətlərin əksəriyyəti öz müsbət həllini tapıb.
Bütün bunlar bir daha təsdiq edir ki, Yasamal Rayon İcra Hakimiyyəti cənab Prezident İlham Əliyevin vətəndaş məmnunluğuna əsaslanan idarəçilik xəttini rəhbər tutaraq, açıq dialoq, operativ reaksiya və sosial həssaslığa söykənən fəaliyyətini davam etdirir.Rayonumuzda həyata keçirilən genişmiqyaslı və məqsədyönlü tədbirlərin nəticəsidir ki, ötən il bir sıra nailiyyətlərimizlə yaddaqalan olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının icrasına nəzarət etmək məqsədilə DÖVLƏT NƏZARƏTİ İNFORMASİYA SİSTEMİ yaradılmışdır. Sistemdə 80 Fərman və Sərəncamlar üzrə 311 tapşırıq Yasamal Rayon İcra Hakimiyyətinə aid edilmişdir. Hazırda onlardan 215-i tam icra olunmuşdur. Yasamal Rayon İcra Hakimiyyətinə aid olmayan 72 tapşırıq qiymətləndirilməmişdir. 24 tapşırığın icra müddəti isə hələ vardır. Ümumilikdə Yasamal Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının DÖVLƏT NƏZARƏTİ İNFORMASİYA SİSTEMİ üzrə son 3 ilin ardıcıl yekunlarına görə 100 faiz göstərici ilə ilk yerdə qərarlaşmışdır.
Ölkə rəhbərliyi tərəfindən dövlət qurumları, o cümlədən yerli icra hakimiyyəti orqanları qarşısında bir sıra mühüm vəzifələr müəyyən edilmişdir. Son illərin təcrübəsi bir daha onu göstərdi ki, bu mühüm tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün cəmiyyətimizin bütün sağlam qüvvələrinin səfərbər edilməsinin çox böyük və həlledici əhəmiyyəti vardır. Yasamal rayon ictimaiyyətinin hər bir üzvünü ölkə rəhbərliyi ətrafında daha sıx birləşməyə çağıraraq Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevi bir daha əmin etmək istəyirəm ki, Yasamal Rayon İcra Hakimiyyəti öz üzərinə düşən bütün vəzifələri müntəzəm, tam həcmdə və yüksək keyfiyyətlə bundan sonra da yerinə yetirəcəkdir.








