Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

Yasamal rayon icra hakimiyyəti öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qurur.
Yasamal rayon icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədilə yaradılan aparat, sahə inzibati ərazi dairələri və mərkəzi icra hakimiyyəti orqanlarının və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin rayon qurumları, habelə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” (bundan sonra “Əsasnamə” adlandırılacaq) ilə müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. ”Əsasnamə” ilə müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir - onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər. Yasamal rayon icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir.

Yasamal rayon icra hakimiyyəti:

  • müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını, “Əsasnamə” ilə müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla yerli icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini təmin edir;
  • Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifələri yerinə yetirir;
  • dövlət proqramları və konsepsiyalarının, Azərbaycan Respublikası Prezidenti Administrasiyasnın təsdiq etdiyi tədbirlər planlarında müəyyənləşdirilmiş tədbirlərin müvafiq ərazidə icrasını təmin edir;
  • müvafiq ərazidə arxiv işi üzrə dövlət idarəetməsini həyata keçirir, rayon icra hakimiyyəti başçısı aparatında, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində arxiv işini təşkil edir, o cümlədən sənədlərin saxlanmasını, qorunmasını, müəyyən olunmuş müddətlərdə nomenklatura uyğun seçilərək Dövlət Arxivinə təhvil verilməsini təmin edir;
  • rayon icra hakimiyyəti başçısının aparatında, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə “ Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını və onlara cavab verilməsini təmin edir;
  • rayon icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərlə bağlı idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulunu təşkil edir;
  • rayon icra hakimiyyəti orqanının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, yerli icra hakimiyyətinin internet saytının yaradılmasını, malik olduğu və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın yeniləşdirilməsini təmin edir, ilin yekunları ilə bağlı rayon icra hakimiyyətinin fəaliyyətinə dair hesabat dərc etdirir, öz fəaliyyətində ictimai rəyi nəzərə alır.

Yasamal rayon icra hakimiyyəti ərazinin sosial-iqtisadi inkşafı, əhalinin sosial müdafiəsi və gender bərabərliyi, insanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi, əmək münasibətləri, əməyin mühafizəsi və əhalinin məşğulluğu, mənzil-kommunal təsərrüfatı və abadlaşdırma, ətraf mühitdən istifadə, təmir-tikinti, memarlıq və şəhərsalma, təhsil və mədəniyyət, uşaqlar və gənclər siyasəti, bədən tərbiyəsi, idmanın inkşafı, kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət, qanunçuluq, asayişin qorunması, təhlükəsizlik və mülki müdafiə, dövlət əmlakının idarə edilməsi sahələrində bir sıra vəzifələri və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifələri icra edir.
Yasamal rayon icra hakimiyyəti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni rəhbər tutur.
 

Keçidlər