Prezident İlham Əliyev paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak edib
Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında da iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış oldular.
Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı.
Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir. Artıq yeni parkda ətraf ərazilərin sakinlərinin istirahəti üçün bütün şərait var.
Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından dövlətimizin başçısını və xanımını salamladılar.
Qeyd edək ki, yeni istifadəyə verilən park şəhərsalmanın standartlarına və müasir tələblərə uyğun şəkildə qurulub. Ərazi yüksəksəviyyəli infrastruktur əsasında abadlaşdırılıb. Yeni park həm də şəhərin sosial-ekoloji vəziyyətinin yaxşılaşması baxımından əhəmiyyətlidir.