Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev 21 nömrəli məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

05 sentyabr 2012 | 10:00

Paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmiri və yenidən qurulması işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir.
Proqram üzrə Bakı şəhərində məktəblərin əsaslı təmir və bərpa işləri davam etdirilir. Təmir işləri ilə yanaşı, ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də həyata keçirilir.
Prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı 20 Yanvar şəhidi Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış oldu.
Dövlət başçısı burada da məktəbin təmirdən əvvəlki və yenidənqurma işlərindən sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı.
Görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, 21 nömrəli məktəbin əvvəlki binası 1953-cü ildə inşa edilib, ilk vaxtlar 7 illik, 1958-ci ildən isə tam orta məktəb kimi fəaliyyət göstərib. Məktəbdə 920 şagird təhsil alır, 85 müəllim pedaqoji fəaliyyətlə məşğul olur.
Dövlət Proqramına uyğun olaraq 21 nömrəli tam orta məktəbin əsaslı təmiri və şagird sıxlığının aradan qaldırılması məqsədi ilə 16 əlavə sinif otağının tikintisi yüksək səviyyədə həyata keçirilib. Məktəbin 25 sinif otağı, o cümlədən fizika, kimya, biologiya, informatika kabinetləri və laboratoriyalar müasir avadanlıq və informasiya-kommunikasiya texnologiyaları ilə tam təmin edilmişdir.
Prezident İlham Əliyev məktəbin ayrı-ayrı sinif otaqlarında, kabinetlərdə və laboratoriyalarda yaradılan şəraitlə yaxından tanış oldu.
Təhsil ocağının girişi və hasarı yenidən qurulmuş, döşəmə, tavan, qapı və pəncərələr ən müasir və keyfiyyətli inşaat materialları ilə işlənmişdir. Ərazi abadlaşdırılmış, 1339 kvadratmetr sahədə yeni yaşıllıq zolaqları salınmış, 1000 kvadratmetr sahəyə asfalt örtüyü, 1000 kvadratmetr sahəyə isə tamet döşənmişdir. Sanitariya qovşaqları, enerji, istilik, su sistemləri tamamilə yenidən qurulmuşdur. Məktəbin həyətində içməli su və yanğın təhlükəsizliyi ehtiyatı üçün hər birinin tutumu 100 ton olan su anbarları tikilmişdir. Məktəbdə 20 Yanvar şəhidi Eldar Məmmədovun büstü bərpa olunmuş, təhsil ocağının girişində onun guşəsi yaradılmışdır. Hazırda məktəbin əlavə tədris korpusunun, idman və iclas zalının, yeməkxananın, emalatxananın tikintisi, idman meydançasının yaradılması ilə bağlı işlər davam etdirilir.
Görülən işlərlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.

 

Keçidlər