Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev paytaxtın keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub

04 avqust 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub.

Dövlət başçısına keçmiş “Sovetski” ərazisində indiyədək Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin həyata keçirəcəyi yenidənqurma və abadlıq tədbirləri barədə məlumat verildi.

Bildirildi ki, bu ərazidə aparılacaq işlərin birinci mərhələsində 26 hektarda yolların salınması və abadlıq işlərinin görülməsi nəzərdə tutulur. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

Dövlətimizin başçısına layihənin icrası ilə bağlı məlumat verildi. Bildirildi ki, 3827 yaşayış və qeyri-yaşayış sahəsi sahibləri müvafiq qaydada kompensasiya ilə təmin ediliblər. Ümumilikdə, 219 obyekt üzrə vətəndaşlar yaşayış sahəsi ilə təmin olunublar. Yaşayış sahəsi ilə təmin edilənlər əsasən 12-16 kvadratmetr sahədə, olduqca ağır kommunal şəraitdə yaşayan ailələr olub. Keçmiş “Sovetski” ərazisində satın alınan obyektlərdən 249-nun isə söküntüsü Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən davam edir. Burada ümumi uzunluğu 6 kilometrdən çox olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılacaq. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev küçələrində, Füzuli küçəsinin davamında və Nəriman Nərimanov küçəsində həyata keçiriləcək. Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin piyadaların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində küçələr həm genişləndiriləcək, həm də enli piyada səkiləri inşa ediləcək. Yenidən qurulacaq küçələrdə mühəndis kommunikasiyaları - su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoydu.

Yenidən qurulacaq Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılacaq. Layihəyə uyğun olaraq, burada 3 hərəkət zolağı olmaqla, yolun eni 12 metr təşkil edəcək. Tikinti işlərinin aparılacağı Abdulla Şaiq küçəsinin eni əvvəllər 5-6 metr olub. Yeni layihəyə uyğun olaraq, küçə 19 metrə qədər genişləndiriləcək. Mirzəağa Əliyev və Füzuli küçələrinin əvvəlki hərəkət hissəsinin eni də 4-5 metr olub. Burada da yenidənqurma işləri çərçivəsində yolun eni 19 metrə çatdırılacaq. Aparılacaq yenidənqurma işləri çərçivəsində Nəriman Nərimanov küçəsinin iki min metrdən artıq hissəsində də tam müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulur. Küçənin hərəkət hissəsinin hazırkı eni 7 metr təşkil edir. Layihəyə əsasən yolun hərəkət hissəsinin eninin 17,5 metrədək genişləndirilməsi nəzərdə tutulur.

Yollarda, həmçinin yeni müasir işıqlandırma sistemi qurulacaq. Bu isə günün qaranlıq vaxtında nəqliyyatın və piyadaların hərəkətinin təhlükəsiz təşkilində mühüm rol oynayacaq. Burada müasir avtobus dayanacaqlarının qurulması da nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

Qeyd edək ki, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının müasirləşdirilməsi istiqamətində son illərdə mühüm layihələr həyata keçirilib. Bu layihələrə paytaxtın rəmzinə çevrilən yeni memarlıq abidələrini, çoxmərtəbəli müasir yaşayış binalarını və digər orijinal tikililəri misal göstərmək olar. Bakıda şəhərin inkişaf sürətinə və müasir görkəminə uyğun gəlməyən binaların sökülməsi ilə bağlı mühüm layihələr icra edilib. Bu layihələrin strateji əhəmiyyəti baxımından ən mühümü isə keçmişdə “Sovetski” adlanan məhəllənin sökülməsi oldu. Bu yaşayış massivi uzun illər bundan əvvəl salınıb və istismar müddətini artıq tam başa vurub. Küçələri ensiz, binaları köhnə və mənzilləri dar olan “Sovetski” son illər sürətlə inkişaf edən paytaxt Bakının ümumi görünüşü, müasir memarlığı ilə uzlaşmırdı.

Bakının daha da müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq şəhərin baş planının icrasının təmin edilməsi, habelə paytaxtda yol-nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması və abadlıq işlərinin davam etdirilməsi məqsədilə Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisindəki yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi prosesinə başlanıldı. Onu da xatırladaq ki, dar mənzillərdə yaşayan “Sovetski” sakinlərinin məişət problemləri getdikcə artırdı. Sakinlər burada yayda istidən, havasızlıqdan, qışda isə soyuq və nəmişlikdən əziyyət çəkirdilər. Bir sözlə, “Sovetski” məhəlləsinin tez bir vaxtda sökülməsi zamanın tələbinə çevrildi. Bu tələbin yerinə yetirilməsi özündə bir neçə məsələni ehtiva edirdi. Onların arasında ən əsası, “Sovetski”də yaşayanların mənzil məsələsinin həlli idi. “Sovetski”də yaşayış və qeyri-yaşayış sahələrinin inventarlaşdırılması, ölçülməsi, qiymətləndirilməsi, həmçinin satınalınmadan sonra əhalinin köçürülməsi məsələlərinə xüsusi diqqət və həssaslıqla yanaşıldı. Ödəniləcək vəsait müqabilində yeni mənzil alınmasında çətinlik çəkən, heç bir digər yaşayış sahəsi olmayan, uzun illər ailə üzvləri ilə birlikdə yaşayış üçün yararsız azkvadratlı mənzillərdə yaşayan sakinlərin də arzu və istəkləri nəticəsiz qalmadı. Dövlət başçısının birbaşa göstərişi ilə Nazirlər Kabinetinin 2015-ci il 9 iyun tarixli Sərəncamına müvafiq olaraq, qeyd edilən ərazidə sahəsi 25 kvadratmetr və daha az olan yaşayış sahələrinin sahibləri Nərimanov rayonunda ikiotaqlı, tam təmirli mənzillərlə təmin olundular. Mənzillərin bölüşdürülməsi tam şəffaf, sakinlərin iştirakı ilə püşkatma yolu ilə həyata keçirildi. Yeni mənzillərin sahələri sakinlərin “Sovetski” adlanan ərazidəki mövcud mənzillərinin sahələrindən 2-3 dəfə, bəzi hallarda isə 4 dəfə böyükdür. Bu, illərlə çətin şəraitdə yaşayan ailələrə Prezident İlham Əliyev tərəfindən göstərilən növbəti diqqət və qayğının təzahürü oldu.

Prezident İlham Əliyevin təşəbbüsü ilə icra edilən bu layihə şəhərin mərkəzində 10 illər boyu qəzalı, yarımuçuq binalarda yaşayan əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynadı.

Xatırladaq ki, “Sovetski”nin köçürülməsi hələ Sovetlər İttifaqı dövründə belə paytaxt üçün vacib sayılan layihə idi. Bu irimiqyaslı və tarixi layihə yalnız müstəqil ölkəmizin iqtisadi inkişafı dövründə dövlət başçısının təşəbbüsü ilə həllini tapdı.

Keçidlər