Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev rayonda yeni salınan yolların, parkların, yenidən qurulan küçə və prospektlərin açılışında iştirak edib

21 oktyabr 2015 | 10:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yasamal rayonunda Nəriman Nərimanovun heykəli, Hüseyn Cavid və Parlament prospektləri ətrafında yeni çəkilən yolların, bu ərazidə yenidən qurulan küçə və prospektlərin, yeni salınan parkların açılışında iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycan Prezidentinə görülən işlər barədə məlumat verdi. Bildirildi ki, paytaxtın Həsən Seyidbəyli, Nəriman Nərimanov, Mikayıl Müşfiq, İsmayıl bəy Qutqaşınlı, Mehdi Hüseyn, Kazım Kazımzadə, Məmməd Rahim küçələrində ən yüksək səviyyədə əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni küçə - Qurban Xəlilov küçəsi və ərazidə yeni parklar salınıb. Əsaslı təmir və yenidənqurma işləri zamanı 100 min kvadratmetrdən artıq asfalt örtüyü döşənib, qranit səki daşı düzülüb, müasir işıq dirəkləri quraşdırılıb. Yeni salınan Qurban Xəlilov küçəsində uzunluğu 610 metr, eni 17 metr olmaqla ümumi sahəsi 10 min 370 kvadratmetr olan əraziyə asfalt beton örtüyü döşənib. Mikayıl Müşfiq küçəsində yolun hərəkət hissəsi genişləndirilərək yenidən inşa edilib. Yolun Nəriman Nərimanovun heykəlindən Parlament prospektinə qədər, Həsən Seyidbəyli küçəsindən Süleyman Tağızadə küçəsinədək olan hissələrində 35 min kvadratmetr asfalt beton örtüyü əsaslı təmir edilib. Görülən işlər bu ərazidə nəqliyyatın sıxlığının aradan qaldırılması baxımından olduqca əhəmiyyətlidir.

Yeni salınan parklarda isə sakinlərin istirahətini mənalı təşkil etmək üçün hərtərəfli şərait yaradılıb. Burada geniş abadlıq və yaşıllıq işləri görülüb. Bu layihənin uğurla reallaşması bir daha sübut edir ki, ölkədə mövcud yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, yeni yolların salınması ilə bağlı tədbirlər uğurla davam etdirilir.

Prezident İlham Əliyev yeni salınan Qurban Xəlilov küçəsinin rəmzi açılışını bildirən lenti kəsdi.

Hazırda beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, paytaxt Bakının yol infrastrukturunun daha da müasirləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən Bakının mövcud avtomobil yollarının əsaslı təmiri və ya yenidən qurulması, yeni yol qovşaqlarının yaradılması ümumilikdə ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Bütün bunlar ilk növbədə vətəndaşların sosial vəziyyətinin daha da yüksəldilməsi işinə xidmət edən layihələrdir. Beləliklə, bu ərazidə yeni salınan yolların istifadəyə verilməsi, mövcud yol infrastrukturunun yenidən qurulması avtomobillərin, piyadaların hərəkətini rahat və təhlükəsiz edəcək.

www.president.az

Keçidlər