Prezident İlham Əliyev “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışında iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən sürətli inkişaf prosesləri bir çox sahələrlə yanaşı, elmin tərəqqisi və milli mənəvi dəyərlərin qorunması sahəsində də sürətli yüksəlişə geniş imkanlar açmışdır. Bu sırada “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin inkişafı ilə bağlı tədbirlərin görülməsi də diqqət mərkəzində saxlanılmışdır. Çünki Azərbaycanda ensiklopediya mədəniyyətinin öz tarixi vardır.
Bu mühüm və dəyərli fəaliyyətin ən böyük yüksəliş çağları ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin fəal dəstəyi ilə 1976-1987-ci illərdə çap edilən “Azərbaycan Sovet Ensiklopediyası” ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olmuşdur. O vaxt böyük elmi potensialın cəlb edilməsi ilə hazırlanan bu oncildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında tarixi hadisəyə çevrilmişdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra universal milli ensiklopediyanın nəşri məsələsi yenidən aktuallaşdı.
Azərbaycan Milli Ensiklopediyası xalqımızın tarixi inkişaf mərhələlərini, milli mənəvi sərvətlərini, habelə dünyanın elm və mədəniyyət nailiyyətlərini özündə əks etdirən elmi nəşr olmalı idi. Prezident İlham Əliyev dövlət əhəmiyyətli bu mühüm işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanıb nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə müxtəlif illərdə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, həmçinin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması haqqında” sərəncamlar imzalamışdır.
Yeni milli ensiklopediyanın hazırlanmasında azərbaycançılıq ideologiyası təməl prinsip kimi önə çəkilmiş, onun respublikamızın yeni dövrdəki tələblərinə cavab verməsi, xalqımızın həyatındakı mühüm tarixi, ictimai-siyasi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirməsi kimi mühüm vəzifələr müəyyənləşdirilmişdir. Redaksiya heyətinin sədri Prezident İlham Əliyev olan Azərbaycanın Milli Ensiklopediyasının artıq ilk cildləri oxucuların istifadəsinə verilmişdir. Dövlətimizin başçısı elmi araşdırmaların səmərəliliyini artırmaq, tədqiqat işlərinin müasir texnologiyalar əsasında aparılmasına, məlumatların daha ətraflı və geniş formatda hazırlanmasına nail olmaq məqsədilə 2012-ci il iyulun 25-də daha bir mühüm sənədi imzalamışdır. Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncam elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Sərəncamda binanın tikintisi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq 5 milyon manat vəsait ayrılması qərara alınmışdı. Tikintisi yüksək standartlara uyğun aparılan “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binası artıq istifadəyə hazırdır.
Prezident İlham Əliyev “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Qeyd edildi ki, Akademiya şəhərciyinin həyətində ən müasir texnologiyalar əsasında tikintisi başa çatdırılan yeni mərkəzdə ölkə həyatının bütün sahələrini dəqiq və hərtərəfli əhatə edən elmi məqalələrin hazırlanıb Milli Ensiklopediyada toplanması üçün ən müasir şərait yaradılmışdır. Binanın foyesində Azərbaycanın ilk ensiklopediyasının yaradılması təşəbbüsünü irəli sürən ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur.
Prezident İlham Əliyev mərkəzin kitabxanası ilə tanış oldu.
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, redaksiya heyətinin məsul katibi, akademik Tofiq Nağıyev bildirdi ki, burada Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” xüsusi cildi nümayiş olunur. Bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuş cilddə ölkəmizin dünəni və bu günü: qədim tarixi və müasir həyatı, təbii sərvətləri və geosiyasi mövqeyi, elm, təhsil və mədəniyyət sahələrində qazandığı nailiyyətlər əksini tapmışdır. Bununla da Azərbaycan haqqında indiyə qədər bənzəri olmayan yeni və müfəssəl məlumat toplusu hazırlanmışdır. Nəşr 2007-ci ildə Azərbaycan, 2012-ci ildə isə rus dillərində işıq üzü görmüşdür. Hazırda “Azərbaycan” cildinin ingilis dili versiyası üzərində iş görülür. Kitabxanada 847-ci ildə nəşr olunan dünyanın ilk ensiklopediyasının surəti də nümayiş etdirilir. 2012-ci ildə nəşr olunan “Azərbaycan Muğam Ensiklopediyası”nın redaksiya heyətinin sədri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır.
Mərkəzin kitabxanasında Azərbaycan Milli Ensiklopediyasının digər yeni nəşrləri və onlar barədə biblioqrafik məlumatlardan ibarət bukletlər sərgilənir. Mərkəzdə həm redaksiya heyətinin, həm də əməkdaşların fəaliyyəti üçün hər cür şərait mövcuddur.
Prezident İlham Əliyev mərkəzin akt və konfrans zalları ilə tanış oldu. Zallarda beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün bütün tələblər nəzərə alınmışdır. Kitab anbarı, mini mətbəə, müasir informasiya texnologiyalarının tətbiqinə imkan verən rabitə sistemi ölkə həyatının keçmişinin və bu gününün Milli Ensiklopediyada daha dolğun əksini tapması imkanlarını genişləndirəcəkdir. Ümumi tikinti sahəsi 7500 kvadratmetr olan mərkəzin ərazisində əsaslı abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
Sonda xatirə şəkli çəkdirildi.