Yasamal rayonunun ictimaiyyəti Vətən Müharibəsinin şəhidlərini yad edib
Bu gün 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhidləri İsmayıl Qasımov və Taleh Yusifovun əziz xatirələri şəhadətlərinin ikinci ildönümündə yad edilib. Məzarları ziyarət edilib, dövlət himni səsləndirilib, gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,şəhidlərin ailə üzvləri, qazilər, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Yasamal Bələdiyyəsinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinin üzvlərinə başsaglığı və təsəlli verdi. Bildirdi ki, cəsur oğullar sayəsində biz 2020-ci ildə Qarabağı azad etdik. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov iki il öncə Qarabagda qazanılan tarixi Zəfərin cənab Prezident İlham Əliyevin mükəmməl hərbi və siyasi strategiyası sayəsində mümkün olduğunu vurğuladı.Öz növbəsində şəhid yaxınları hər cür dəstəyə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirdilər.
İsmayıl Qasımov 17 dekabr 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. O, orta təhsilini Sumqayıt şəhəri 14 saylı məktəbdə almışdır. Universiteti bitirdikdən sonra Şəmkir rayon N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 9-da şəhidlik zirvəsinə ucalmışdır.
Qasımov İsmayıl Sadıq oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən Uğrunda” medalı və ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Taleh Yusifov 21 may 1992-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 167 saylı məktəbdə almışdır. Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabrın 9-da şəhidlik zirvəsinə ucalmışdır.
Yusifov Taleh Valeh oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Füzulinin azad olunması uğrunda” medalı, "Cəsur döyüşçü" medalı və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.