Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun ictimaiyyəti Ulu Öndərin 100 illiyini silsilə tədbirlərlə qeyd etdi

10 may 2023 | 22:37

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Yasamal rayonunda silsilə bayram tədbirləri keçirilib. İlk öncə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov başda olmaqla rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edib, onun əziz xatirəsini yad edib, gül dəstələri qoyublar. Daha sonra Yasamal RİH-in kollektivi inzibati binada və rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq, Ümummilli liderin misilsiz xidmətərini xatırlayıblar.Daha sonra isə Yasamal rayonunun ictimaiyyəti Ulu Öndərin əziz xatirəsini yad etmək üçün Akademik Milli Dram Teatrında rəsmi tədbirə toplaşdı. Teatrın foyesində Ümummilli Lider Heydər Əliyevlə 10 ilə yaxın çalışmış fotoqraf Rafiq Bağırovun təqdimatında foto sərgi nümayiş olundu.Əsasən arxiv sənədlərdən ibarət bu fotolar Ulu Öndərin müxtəlif dövrlərdə Yasamal rayonuna səfərlərini və buradakı rəsmi tədbirləri əks etdirir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni hərbi orkestrin canlı ifasında səsləndirildi.Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov əsas məruzə ilə çıxış etdi. Elşad Həsənov Ulu Öndərin həm birinci, həm də ikinci hakimiyyəti illərində Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən geniş söhbət açdı. Qeyd olundu ki, Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyev özünün  idarəçilik bacarığı, iradəsi və yüksək vətənpərvərliyi sayəsində çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.Heydər Əliyevin tarixi Qurtuluş missiyası isə müstəqillik dövründə başladı.1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı məhv olmaqdan qurtardı.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, bu gün Heydər Əliyevin ideyaları yaşayır. Onun siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev bütün sahələrdə qətiyyətlə və uğurla davam etdirir.Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə işğalçı erməni ordusu üzərində Qarabağda tarixi qələbə bu siyasətin parlaq nümunəsidir.Bununla da cənab Prezident  Ata vəsiyyətini yerinə yetirdi.

Bildirildi ki, bu gün ölkəmizdə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu fəaliyyət göstərir. Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən genişmiqyaslı işlər görülür. Heydər Əliyev Fondu Qarabagda tarixi abidlərimizin bərpasında böyük rol oynayır.

İcra başçısı qeyd etdi ki, müstəqil Azərbaycan dövləti Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Toplantının sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və faliyyətindən bəhs edən film nümayiş olundu.

Tədbirdən sonra isə Yasamal rayonunun Mərkəzi Parkında bayram konserti baş tutdu. Azərbaycan səhnəsinin körkəmli ifaçıları bura toplaşan sakinlərə öz ifalarını təqdim etdilər.Bayram şənliyi tamaşaçılar tərəfindən coşqu və xüsusi rəğbətlə  qarşılandı və yüksək əhval-ruhiyyə və xoş ovqat yaratdı. Konsert proqramı bayram atəşfəşanlığı ilə başa çatdı.

Keçidlər