Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Zəfər Günü təntənə ilə qeyd edilir

03 noyabr 2023 | 17:55

8 noyabr Zəfər Günü münasibətilə Yasamal rayonunda «Ata vəsiyyəti və inamlı zəfər» adlı bayram tədbiri keçirilib. Yasamal rayonunun 18 nömrəli tam orta məktəbin akt zalına baş tutan tədbirdə Yasamal RİH-in rəhbər heyəti, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.  Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunduğu bildirdi. Qeyd edildi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ azad edildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.

İcra başçısı Elşad Həsənov  bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Şuşanın ermənilərdən azad edilməsi münasibətilə xalqa müraciəti böyük tarixi bir hadisə oldu.Uzun illər boyu bütün Azərbaycan xalqı belə bir çıxış gözləyir və arzular qururdu: Qarabağı azad etmək, düşməni qovmaq, doğma yurda  və obaya dönmək, viran edilmiş şəhər və kəndləri bərpa etmək. Bu gün Azərbaycan bayrağı Şuşada və digər azad edilmiş torpaqlarımızda dalğalanır.Qarabağda böyük miqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.Milli-mədəni abidələrimiz bərpa edilir. Bu mənada Heydər Əliyev Fondunun və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi əməyini vurğulamaq lazımdır.

Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və 18 nömrəli tam orta məktəbin direktoru Leyla Fətiyeva tədbir iştirakçılarını 8 noyabr Zəfər Günü münasibətilə təbrik etdilər və yeni nəsli vətənpərvərlik ruhunda böyütməyin əhəmiyyətindən danışdılar.

Tədbir məktəblilərin iştirakı ilə bədii hissə ilə başa çatdı.

Keçidlər