Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Ulu Öndərin hakimiyyətə birinci gəlişi ildönümü qeyd edilib

14 iyul 2023 | 09:05

Yasamal rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda konfrans keçirilib. Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ildönümünə həsr edilən tədbir foto-sərgiyə baxış ilə başladı. Əsasən arxiv sənədlərdən ibarət bu fotolar Ulu Öndərin müxtəlif dövrlərdə Yasamal rayonuna səfərlərini əks etdirir. Daha sonra Mərkəzin muzey bölməsində Ulu Öndərin büstü önünə gül dəstələri qoyuldu. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər və ərazi bütövlüyümüz uğrunda həlak olan qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Ulu Öndərin zəngin siyasi irsinin gələcək nəsillərə çatdırmağın vacibliyindən danışdı. Sonra Ulu Öndərin ilk hakimiyyəti dövründəki fəaliyyətinə dair  film nümayiş etdirildi.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 14 iyul 1969-cu il böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür. Elşad Həsənov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi dahiliyi ondan ibarət idi ki, o, bütün addımlarını Azərbaycanın gələcək uğurlarına hesablamışdı.

Belə ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün idarəçilik bacarığı, iradəsi və yüksək vətənpərvərliyi sayəsində çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Sovet dövründə Heydər Əliyev Azərbaycanda böyük işlər görmüşdü: yeni sənayeləşmə siyasəti, gənclər üçün kütləvi təhsil imkanlarının yaradılması, aqrar islahatlar və sairə. O zaman Sovet respublikaları arasında Azərbaycan inkişaf səviyyəsinə görə son yerlərdən ön sıralara keçməyə nail oldu.

Ulu Öndərin rəhbərliyinin ikinci dövründə isə tarixi hadisələr baş verdi. 90-cı illərin əvvəlini xatırlayanda, Azərbaycanın hansı fəlakətlə üzləşdiyini bir daha anlayırıq: bir tərəfdən erməni işğalçıları, digər tərəfdən daxili böhran Azərbaycan dövlətinin mövcudluğunu sual altına qoymuşdu. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev tarixi xilaskarlıq missiyasını öz üzərinə götürdü. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı məhv olmaqdan qurtardı.

İcra başçısı vurğuladı ki, bu gün Heydər Əliyevin ideyaları yaşayır. Onun siyasətini möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün sahələrdə qətiyyətlə və uğurla davam etdirir. Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə işğalçı erməni ordusu üzərində Qarabağda tarixi qələbə bu siyasətin parlaq nümunəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Ulu Öndərin ideyaları hər birimiz üçün əzizdir. Bu gün ölkəmizdə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu fəaliyyət göstərir. Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən görülən işlər böyük miqyasdadır. Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında Heydər Əliyev Fondu Qarabağda tarixi abidələrimizin bərpasında böyük rol oynayır.

Daha sonra tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov və professor Rasim Nəbiyev qeyd etdilər ki, Ulu Öndərin şəxsiyyəti o qədər nəhəngdir ki, onun tarixdəki rolunu təsvir etmək bir nəslin işi deyil. Natiqlər Ulu Öndərin tariximizdəki əvəzolunmaz rolu barədə öz fikirləri və şəxsi xatirələri ilə bölüşdülər.

Keçidlər