Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda şəhid hərbiçilərimizin xatirəsi yad edilib

13 oktyabr 2022 | 13:18

44 gün davam edən Vətən müharibəsinin ildönümündə Yasamal rayonunda şəhidlərin əziz xatirəsinin anım mərasimləri davam edir.Bu gün Yasamal rayon ictimaiyyəti 2-ci Fəxri Xiyabanda şəhid Teymur Abbasovun və Elşən Müslümovun məzalarını ziyarət edib, ruhuna dualar oxuyub. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinə başsaglığı verdi və qeyd etdi ki, Azərbaycan dövləti bundan sonra da hər bir şəhid ailəsinə dəstək olacaq. Bildirildi ki, Ali Baş Komandan cənab İlham Əliyevin bu sahədə tapşırıq və göstərişləri yerlərdə ardıcıl şəkildə icra olunur.

Teymur Abbasov 25 fevral 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini Pişəvəri adına humanitar gimnaziyada almışdır.Məktəbi bitirdikdən sonra Gəncə Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur.Universiteti bitirdikdən sonra Gəncədə N saylı hərbi hissədə vətənə xidmət etmişdir. Bundan sonra o, silahlı qüvvələrin təlim-tədris mərkəzində ehtiyat zabit hazırlıq kursunu bitirib leytenant rütbəsi alaraq ehtiyata buraxılmışdır. 2020-ci ilin Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 12-də şəhidlik zirvəsinə ucalmışdır.

Ailəli idi. İki övladı var.

Abbasov Teymur Feyruz oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda” medalı, ”Füzulinin azad olunmasına görə” medalı və “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Elşən Müslümov 2 sentyabr 1995-ci ildə Ağsu rayonunda anadan olmuşdur. O, orta təhsilini 286 saylı məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 13-də şəhidlik zirvəsinə ucalmışdır.

Ailəli idi. 1 övladı var.

Müslümov Elşən Habil oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra “Vətən uğrunda” medalı və "Suqovuşanın azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.

Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Keçidlər