Yasamal rayonunda Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib
Azərbaycan Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Yasamal rayon prokurorluğunda tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, RIH-in aparat əməkdaşları, rayon Prokuroru Elman Süleymanov və rayon prokurorluğunun əməkdaşları iştirak etdilər.Tədbirin əvvəlində dövlət himni səsləndirildi və Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Azərbaycan prokurorluğu yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri yüksək peşəkarlıqla yerinə yetirir. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə 1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində qayğının ifadəsidir.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, ordumuzun igidliyi ilə düşmən işğalından azad edildi və suverenliyimiz tam bərpa edildi. Hal-hazırda azad edilmiş Qarabağda prokurorluğun yeni inzibati binaları tikilir və istifadəyə verilir. Artıq Qarabağda yeni prokurorluq idarələri tam fəaliyyət göstərir. Qarabağa qayda-qanun, hüquq və ədalət qayıdır.Vaxtilə Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlər törətmiş erməni cəlladları isə bir-bir məsuliyyətə cəlb edilir.
Yasamal rayon Prokuroru Elman Süleymanov isə çıxış edərək prokurorluq orqanlarından yüksək diqqət və qayğısını əsirgəməyən Prezident İlham Əliyevə dərin ehtiramını ifadə edərək, hər kəsi əmin etdi ki, Azərbaycan Respublikasının Prokurorluğu bundan sonra da nizam-intizamın və qanunçuluğun daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim gücləndirəcək və üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirəcək.
Tədbirdə rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətləri ilə fərqlənən rayon Prokurorluğunun bir sıra əməkdaşlarına Yasamal Rayon İcra Hakimiyyətinin “Fəxri fərmanları” təqdim edildi. Sonda xatirə fotosu çəkildi.