Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib
Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyət və sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda seminar müşavirə keçirilib. Tədbirdən öncə rayon gənclərinin çəkdikləri rəsm işlərindən ibarət sərgi nümayiş etdirildi. Tədbiri Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov açaraq seminar müşavirənin keçirilməsində qarşıya qoyulmuş başlıca məqsədlər barədə iştirakçılara geniş məlumat verdi.
Daha sonra mövzu ətrafında çıxış və diskussiyalar aparıldı. Çıxışçılar və natiqlər Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili Ülvi Quliyev, Yasamal rayon polis idarəsinin rəisi Cəmil Əmirov, Yasamal rayon Məhkəməsinin sədri İslam Əliyev, Yasamal RİHB-ının birinci müavini Hüseyn Əfəndiyev,Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupunun müavini Tanrıverdi Aydınov, Narkoloji mərkəzin direktoru Qalib Məmmədov,Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və digər şəxslər seminar-müşavirə iştirakçılarının çoxsaylı suallarını ətraflı cavablandırdılar. Qeyd olundu ki, cənab Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası davam edir.Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya davamlı olaraq reallaşdırılır, yeni nəslin sağlam və milli və mənəvi ruhda tərbiyəsi üçün ardıcıl addımlar atılır.Bildirildi ki, narkomaniya ilə mübarizə Yasamal rayonunda da uğurla aparılır. Rayonda müasir parklar salınıb, asudə mərkəzləri yaradılıb, yeni futbol meydançaları istifadəyə verilib, əhalinin məşğulluq problemi tədricən həll edilir. Bir sözlə, sosial məsələlərin həlli narkomaniyanın qarşısını kəsir.
Seminar-müşavirədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov gənclərə öz tövsyyələrini verdi. İcra başçısı gənclərə elmə, təhsilə və idmana xüsusi diqqət ayırmağı məsləhət gördü və bildirdi ki, pis vərdişlərdən nə qədər uzaq dursalar bir o qədər özlərinin gələcəyini təmin edəcəklər.
Tədbirdə rayon ərazisində fəaliyyət göstərən ali məktəblərin tələbələri, orta məktəb şagirdləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.