Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Azərbaycan Gəncləri Günü qeyd edilir

01 fevral 2024 | 15:45

Yasamal Rayon İcra Hakimiyyətində 2 fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar iclas keçirilib.Tədbirdə Dövlət himni səsləndirildi, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi yad edildi. İclası açıq elan edən Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov Azərbaycan gəncliyinin müasir dövrdə ölkəmizin ictimai-siyasi həyatındakı rolundan söz açdı.Daha sonra Azərbaycanda gənclər siyasətindən bəhs edən filmə baxış keçirildi.

İclasda çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd etdi. Bildirildi ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yeni nəsil yetişmişdir. Dövlət gənclər siyasətini bu gün cənab Prezident İlham Əliyev uğurla davam etdirir.

Bildirildi ki, cənab Prezident 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncam imzaladı. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından istifadə olunmasına, dövlət idarəçiliyində iştirakına gətirib çıxardı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin "Gənclər ili" elan edilməsində də göstərdi.

Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət verməsi isə hər bir gənci ruhlandırır.Azərbaycan Prezidenti hər zaman gənclərə xüsusi önəm verib. Çünki məhz gənclər dövləti və xalqı ağır, tarixi sınaqlardan çıxarırlar.

Bildirildi ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Onların cəsarəti sayəsində əldə olunan bu Zəfər sayəsində xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu! Onların bir çoxu məhz cənab Prezidentin  hakimiyyəti illərində böyümüş və təlim-tərbiyyə almışlar.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, 7 fevral tarixində ölkəmizdə baş tutacaq Prezident seçkilərində biz birlik və gücümüzü bir daha hər kəsə göstərməliyik. Səsvermə hüququna malik hər kəs fəal olmalı və seçkidə iştirak etməlidir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və digər natiqlər gənclərin inkişaf və karyera perspektivlərindən söz açdılar.Çıxış edənlər 7 fevral Prezident seçkilərində gənclərin üzərinə böyük məsuliyyət  düşdüyünü və bu sınaqdan uğurla çıxacaqlarına inam ifadə etdilər.   

Tədbirin sonunda Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup gənc xüsusi diplomlarla təltif edildi. Tədbir bədii ifa ilə yekunlaşdı.

Keçidlər