Yasamal rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü qeyd edilir
Yasamal rayonunun ictimaiyyəti görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünü geniş şəkildə qeyd edir. Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti və 2 nömrəli Bakı Baza Tibb Kollecinin birgə təşəbbüsü ilə tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, RİH aparatının məsul şəxsləri, 2 nömrəli Bakı Baza Tibb Kollecinin kollektivi, ziyalılar, müxtəlif tibb ocaqlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən kollecin direktoru Dilarə Məmmədəliyeva, Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinin əməkdaşı Nübar Həşimova, Bakı Baza Tibb Kollecin “Göz xəstəlikləri” fənn birləşməsinin müəllimi Aynur Səfixanova Zərifə xanımın yalnız Azərbaycanda deyil, beynəlxaq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim olduğunu bildirdilər. Akademik Zərifə xanım Əliyeva öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini və ehtiramını qazanmışdır. Bildirildi ki, Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı və Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anasıdır.
Tədbirin sonunda kollecinin mahnı, rəqs və xor qrupunun ifasında ədəbi-bədii kompozisiya səsləndirildi.