Yasamal Rayon İcra Hakimiyyətinin başçısı və millət vəkili ərazidə sakinlərlə görüşdülər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşları dinləyiblər. Səyyar qəbul rayondakı 158 saylı tam orta məktəbin akt zalında keçirilib. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin əməkdaşları, Yasamal bələdiyyəsinin, MKTB və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırdı və ötən il keçirilmiş görüş və qəbullar barədə qısa məlumat verdi.Bildirildi ki, 2022-ci il ərzində Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən toplam 38 səyyar qəbul keçirilib və 520 müraciət qeydə alınıb. Bu müraciətlərin böyük əksəriyyəti öz həllini tapıb. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, vətəndaş məmnunluğunun təmin edilməsi hər bir dövlət məmurunun başlıca məqsədi olmalıdır.
Daha sonra söz alan vətəndaşlar qəzalı evlərin təmiri, qurumuş agacların budanması, su borularının yenilənməsi zamanı asfalt örtüyünün zədələnməsi, sakinlərin təbii qazla təchizatı, yaşayış binalarının həyətində söhbətgahların quraşdırılması, içməli su təminatı, məşğulluq, uşaqlar üçün həyətlərdə asudə vaxtının təşkili, mənzillərdə istilik sisteminin işi və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi. Bir sıra məsələlər İcra başçısının göstərişi ilə yerindəcə öz həllini tapdı.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.