Yasamal rayon İcra Hakimiyyətinin başçısı könüllülərlə görüşdü
Yasamal rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətini başa vuran gənclərlə və yeni qəbul olunan könüllülərlə Yasamal rayon İcra Hakimiyyəti başçısının görüşü keçirildi. Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, hazırda ölkəmizdə gənclərin könüllü fəaliyyət göstərməsi üçün yaradılan imkanlar genişdir, çox yaxşı haldır ki, ölkəmizdə könüllülüyün təbliği üzrə kifayət qədər uğurlu işlər görülür, dövlət qurumları, özəl sektor və müxtəlif təşkilatlar könüllülüyün təbliği istiqamətində bir sıra layihələr həyata keçirirlər. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili" elan edilmişdi. Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində işğal altında olan torpaqlarımızın erməni hərbi birləşmələrindən təmizlənməsində könüllü iştirak edən, öz qəlbinin səsi, ürəyinin hökmü ilə müqəddəs haqq savaşına qalxan əsgərlərimizin göstərdiyi qəhrəmanlıq və rəşadət nümunəsi könüllülüyün dəyərini daha da yüksəltdi. Bundan başqa ölkəmizdə “Könüllü fəaliyyət haqqında” Qanunun, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” haqqında Sərəncamın qəbul edilərək icra edilməsi ölkəmizdə könüllülüyün nə qədər geniş əhəmiyyət daşıdığını bir daha sübut edir”
Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin tarixi inkişafında müstəsna əhəmiyyətə malikdir. Bu gün də bu missiyanı layiqincə yerinə yetirən Prezident İlham Əliyev bütün çıxışlarında gənclərə arxalandığını vurğulayır.
Elşad Həsənov çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulduğunu bildirdi.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov son iki ayda bizim könüllülərin Laçın yolunda keçirdikləri aksiyaya da toxundu.Qeyd olundu ki, bu aksiya sayəsində təbii sərvətlərimizin talanması və çıxarılması dayandırılıb. Elşad Həsənov həmçinin Türkiyədəki zəlzələ qurbanlarının yardımına yüzə yaxın Azərbaycan könüllüsünün yola düşdüyünü də xatırlatdı.
Yasamal rayon Könüllülər qrupunda fəaliyyətə qoşulmuş gənclərə könüllü kimi iki ay müddətində müxtəlif sosial bacarıqları, əmək vərdişləri aşılayan təlimlərdə və rayonda keçirilən tədbirlərdə iştiraklarına görə fərdi qaydada xüsusi sertifikatllar təqdim edildi. Könüllülük fəaliyyətini başa vuran gənclər də öz növbəsində yaradılan geniş şəraitə görə ölkə başçısına təşəkkürlərini bildirdilər.
Sonda xatirə şəkli çəkildi.