Yasamal Rayon İcra Hakimiyyətində vətəndaş qəbulları davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün iyul ayı üzrə növbəti qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qurumun inzibati binasında qəbul edib.Tədbirdə habelə Yasamal RİH-in məsul şəxsləri, MKTB və rayon bələdiyyəsinin rəhbərliyi də iştirak edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan üzləşdikləri problemlər bərədə məlumat verməyi xahiş etdi. İlk öncə söz alan Yasamal rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra növbə ilə söz alan Yasamal rayonunun sakinləri mənzil-məişət şəraitinin yaxşılaşdırılması, istismar müddəti bitmiş evlərə görə kompensasiya məbləği, yaşayış binalarındakı mənzillərin özəlləşdirilməsi, uşaq bağçalarına qəbul prosesi, incəsənət xadimlərinin mənzil növbəsi və bir sıra sosial xarakterli məsələlər qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra göstərişlər verdi. İcra başçısı sakinləri maraqlandıran suallara ətraflı cavablar və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.