Yasamal rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilmişdir
Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasında sahibkarlarla baş tutan görüşdə RİH başçısının I müavini və “ABAD” publik hüquqi şəxsin direktoru iştirak edblər.
Görüşü giriş sözü ilə açan RİH başçısının I müavini Hüseyn Əfəndiyev sahibkarlığın inkişafı istiqamətində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin prinsip və ənənələrinin bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulamış, ötən illər ərzində həyata keçirilən layihələr haqqında görüş iştirakçılarına məlumat vermişdir.
Hüseyn Əfəndiyev “ABAD” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqindən də söz açıb. Bildirilmişdir ki, “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsi Respublika Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində yaradılmışdır. Qurumun yaradılmasında məqsədin Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək olduğunu vurğulayıb. “ABAD” mərkəzlərində dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələrinin həyata keçirildiyini qeyd edib. Görüşdə həmçinin bildirilib ki, “ABAD” mərkəzləri ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, ən əsası istehsal olunmuş məhsulların “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılmasını, logistika işinin və satışların təşkilini həyata keçirir. “ABAD” mərkəzlərinin sahibkarlara öz məhsullarını satmaları üçün geniş imkanlar açdığı qeyd edilərək onları dövlət tərəfindən yaradılan bu imkandan səmərəli istifadə etməyə çağırıb.
Görüşdə iştirak edən “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev görülmüş işlər və gələcəkdə nəzərdə tutulmuş layihələr haqqında sahibkarlara məlumat vermişdir.
Tədbir daha sonra qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilmiş, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.