Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Yasamal rayon təşkilatının yaradılmasının 31 illiyi qeyd edilib

19 fevral 2024 | 20:10

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının yaradılmasının 31 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AMEA-nın prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli, Milli Məclisinin deputatı Elnur Allahverdiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Şahlar Əsgərov, Misir Mərdanov, Ali təhsil müəssisələrinin rektorları, rayon ərazisində yerləşən idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyəti iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb.

Tədbirdə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin giriş sözündən sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edən AMEA-nın prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli, YAP Veteranlar Şurasının üzvü, Şahlar Əsgərov, Milli Məclisinin deputatı Elnur Allahverdiyev ilk öncə 7 fevral prezident seçkilərində cənab İlham Əliyevin möhtəşəm qələbəsi münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər. Bildiriblər ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiya bu 31 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib, çox mühüm nailiyyətlər əldə edilib.

Sonda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov öz növbəsində 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərində xalqımızın etimadını növbəti dəfə qazanan cənab İlham Əliyevin möhtəşəm qələbəsi münasibəti ilə hər kəsi təbrik edib. Qeyd edib ki, seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə 86.13%, 16 saylı Yasamal İkinci seçki dairəsi üzrə 77.62%, 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 89,38%, 22 saylı Nəsimi-Yasamal seçki dairəsində Yasamal rayonu üzrə isə 84.8%, ümumilikdə Yasamal rayonu üzrə 84.4% seçici aktivliyi olub. Yasamal seçicilərinin 95 %-i öz səslərini cənab Prezident İlham Əliyevə verib.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına və fəalına fəxri fərman, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib. Tədbir bədii hissə ilə yekunlaşıb.

Keçidlər