Vətən müharibəsinin şəhidi adına küçənin və barelyefin açılışı olub, məzarları önündə yad ediliblər
Bu gün paytaxtın Yasamal rayonunda Vətən müharibəsinin şəhid hərbi qulluqçu Fərid Ələkbərovun adını daşıyan küçənin açılış mərasimi olub. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, şəhidin ailə üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk öncə Yasamal rayon şəhidlərinin xatirə kompelks önünə gül dəstələri qoyulub və sonra şəhidin adına küçənin və barelyefin açılış mərasimi keçirilib.
İcra başçısı Elşad Həsənov küçənin adının şəhidimizin şərəfinə verilməsinin onun şücaətinin əbədiləşdirilməsi baxımından mühüm olduğunu bildirdi. Öz növbəsində şəhidin ailə üzvləri, döyüş yoldaşları şəhidin ruhuna dərin ehtirama görə Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdilər.
Daha sonra Vətən müharibəsinin hərbçi şəhidləri Fərid Ələkbərov və Rəşad Mikayılzadənin əziz xatirəsi İkinci Fəxri Xiyabanda baş tutan anım mərasimində yad edilib. Dövlət himni səsləndirilib, gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və aparat əməkdaşları iştirak ediblər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinin üzvləri ilə söhbətində onlara təsəlli verdi, səbr dilədi. İcra başçısı şəhid qanının yerdə qalmadığını, torpaqlarımızın azad edildiyini qeyd etdi. Bildirildi ki, bizə Zəfər bəxş edən Ali Baş Komandan İlham Əliyev, şəhid və qazilərimiz gələcək nəsillər tərəfindən hər zaman xatırlanacaqlar. Şəhid ailəsinin üzvləri hərbiçilərimizin xatirəsinə göstərilən diqqətə görə ölkə rəhbərliyinə dərin təşəkkürünü bildirdilər.
Ələkbərov Fərid Tahir oğlu 1980-ci il iyulun 18-də Bakıda anadan olub. O, orta təhsilini 190 saylı məktəbdə alıb, 1996-cı ildə İstanbul Kuleli Hərbi Liseyinə daxil olub və 2000-ci ildə təhsilini bitirib. Həmin ildə Ankaradakı Quru Qoşunları Hərbi Məktəbinə daxil olan Fərid 2004-cü ildə həmin məktəbdə təhsilini başa vurub. Bununla da kifayətlənməyən Fərid İsparta şəhərindəki Dağ Komando Məktəbinə daxil olub və buranı da müvəffəqiyyətlə bitirib. O, 2005-ci ildə Polatlı Topçu Məktəbini fərqlənmə diplomu ilə başa vurub. Vətən müharibəsinə qatılan mayor Fərid Ələkbərov Murov dağındakı yüksəkliklərin alınmasında, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. O, 2020-ci il noyabrın 9-da Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. Bir oğlu var.
Fərid Ələkbərov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı, "İgidliyə görə" medalı ilə təltif edilmişdir. Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Rəşad Mikayılzadə 30 sentyabr 1995-ci ildə Lerik rayonunun Camaşəir kəndində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 311 nömrəli tam orta məktəbdə təhsil aldıqdan sonra Sumqayıt Dövlət Universitetində ali təhsil almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabrın 9-da şəhidlik zirvəsinə ucalmışdır. Subay idi.
Rəşad İlham oğlu Mikayılzadə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı, "Döyüşdə fərqlənməyə görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.