İcra başçısı və millət vəkili Yasamal sakinləri ilə görüşdülər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşlarla bir araya gəliblər. Səyyar qəbul rayondakı 21 saylı tam orta məktəbin akt zalında keçirildi. Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyətinin əməkdaşları, Yasamal bələdiyyəsinin və xidmət sahələrinin nümayəndələri iştirak ediblər.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə səmimi danışmağa çağırdı.
Söz alan vətəndaşlar istilik borularının dəyişdirilməsi zamanı zədələnmiş asfalt örtüyünün bərpası, sosial yardım, səki və piyada keçidlərinin genişləndirilməsi, Vətən müharibəsi qazilərinin kredit borcunun silinməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qurumuş agacların budanması, mənzil növbəsi və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi.Bir sıra məsələlər İcra başçısının göstərişi ilə yerindəcə öz həllini tapdı.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.