İcra başçısı və millət vəkili ərazidə sakinlərlə görüş keçirdilər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlarla mütəmadi təmasda olmaq tapşırığına uyğun olaraq Yasamal rayonunda sakinlərlə növbəti görüş keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Elnur Allahverdiyev rayon sakinləri üçün növbəti birgə səyyar qəbul keçiriblər. Qəbul Yasamal rayonunun 31 saylı tam orta məktəbin akt zalında baş tutub. Görüşdə Yasamal rayon sakinləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Yasamal bələdiyyəsinin, MKTB və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yasamal sakinlərinin problem və qayğıları ilə maraqlandı və onları öz təklif və şikayətlərini birbaşa ona bildirməyə dəvət etdi.
Söz alan vətəndaşlar mənzillərin konstruksiyasının dəyişdirilməsi, kooperativ binaların su təchizatı xəttlərinin yenilənməsi, qəzalı evlər, əlillər üçün sosial yardım, küçələrin işıqlandırılması, Birinci Qarabağ müharibəsi veteranlarının sosial təminatı, yaşayış binalarının zirzəmisində su yığılması problemi və digər məsələlərlə bağlı öz fikirlərini bildirdilər.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.