İcra başçısı ərazidə Yasamal sakinləri ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşlarla görüşüb. Səyyar qəbul rayondakı 18 saylı tam orta məktəbin akt zalında baş tutub. Görüşdə Yasamal rayonunun sakinləri, habelə rayon icra hakimiyyətinin vəzifəli şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırdı və ötən il keçirilmiş görüş və qəbullar barədə məlumat verdi.Bildirildi ki, 2022-ci il ərzində Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən toplam 38 səyyar qəbul keçirilib və 520 müraciət qeydə alınıb. Bu müraciətlərin əksəriyyəti öz həllini tapıb.
Daha sonra söz alan vətəndaşlar memarlıq abidəsi olan qəzalı binaların taleyi, plana düşən özəl mülkiyyətin qiymətləndirilməsi, qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin təmiri, istismar müddəti bitmiş yaşayış binalarının söküntüsü və yeni binaların tikintisi və şəhərsalmayla bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. İki saata yaxın davam etmiş qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi. Səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.