“Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirildi
Yasamal Rayon Məhkəməsində12 Noyabr – Konstitusiya Günü münasibətilə “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Yasamal Rayon Məhkəməsinin sədri, hakimlər, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri və əməkdaşları iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev açaraq bayram münasibətilə iştirakçıları təbrik etmiş və bildirmişdir ki, 28 il əvvəl – 12 noyabr 1995-ci ildə keçirilmiş referendumda müstəqil dövlətimizin tarixində ilk dəfə olaraq ölkəmizin Əsas Qanunu – Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur.
İslam Əliyev vurğuladı ki, insan hüquq və azadlıqlarının prioritetliyi prinsiplərinə əsaslanan Konstitusiyamız demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradır, cəmiyyətdə humanizm, milli həmrəylik və tolerantlıq ruhunu təsbit edir, vətəndaşların müxtəlif sosial qrupları arasında harmonik münasibətləri stimullaşdırır. Konstitusiyada insan amili, vətəndaşların hüquqları, onların rifahının və təhlükəsizliyinin təmin olunması ön plana çəkilmişdir. Əsas Qanunumuz həmçinin dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin möhkəmlənməsinə xidmət edir, onların beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquq və azadlıqlarının Azərbaycan dövləti tərəfindən qorunmasına təminat verir. Konstitusiyamız həm insan və vətəndaş hüquqlarının dönmədən həyata keçirilməsi, həm də dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsini təmin edir.
Ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Bu il bu bayram Heydər Əliyev ilinə təsadüf edir. Ümummilli Liderimiz, müdrik siyasətçi və böyük vətənpərvər Heydər Əliyevin Konstitusiyanın hazırlanması işinə rəhbərlik etməsi onun mükəmməlliyini, siyasi-hüquqi akt və tarixi sənəd kimi yüksək nüfuzunu təmin edən əsas amil olmuşdur. Konstitusiyamız müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində möhkəm təməl yaratmışdır. Qəbul edilmiş Konstitusiyada əhalinin bütün təbəqələrinin tam hüquq bərabərliyi nəzərdə tutulmuş və ölkədə dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı elan edilmişdir. Konstitusiya ölkəmizdə demokratik dəyişikliklərə yol açmış və bütün sahələrdə inkişafa təkan vermişdir.