“Heydər Əliyev: xalqa həsr olunmuş ömür” kitabının təqdimatı keçirilib
Mərkəzi Elmi Kitabxanada AMEA-mın müxbir üzvü, professor Misir Mərdanovun “Heydər Əliyev: xalqa həsr olunmuş ömür” kitabının təqdimatı keçirilib. Tədbirdən öncə kitabxana foyesindəki Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi yad edilib.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları, alimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdilər. İşıq üzü görən kitabda Heydər Əliyevin şəxsiyyət kimi formalaşdığı dövrlər, dünyanın əsas siyasi liderlərindən birinə çevrilməsi mərhələləri, bu yolda rastlaşdığı çətinliklər, lakin bütün qara qüvvələrə üstün gələn parlaq zəka, dəmir iradə, milli təəssübkeşlik qələmə alınmışdır. Beş fəsildən ibarət olan kitabın ilk fəsli uşaqlıq, gənclik və yetkinlik illərinə, ikinci fəsli Azərbaycanda siyasi hakimiyyətdə olduğu 1969-1982-ci illərə, üçüncü fəsli Moskva dövrünə (1983-1990), dördüncü fəsli ömrünün Naxçıvan mərhələsinə (1990-1993), sonuncu fəsil isə xalqın tələbi ilə hakimiyyətə gəldiyi 1993-cü ildən sonrakı gərgin fəaliyyətinə həsr edilmişdir. Tədbirdə çıxış edən kitabın müəllifi Misir Mərdanov, AMEA-nın prezidenti İsa Həbibbəyli, yazıçı Anar, millət vəkili Nizami Cəfərov və digər natiqlər Ulu Öndərin 100 illiyində belə bir kitabın işıq üzü görməsinin Ümummilli liderin fəaiyyətinin işıqlandırılmasına töhfə verəcəyinə ümidlərini ifadə etdilər.Tədbirdə qeyd olundu ki, müasir nəsil Ulu Öndərin zəngin irsini tanımalı, təbliğ etməli və gələcək nəsillərə çatdırmalıdır. Bu baxımdan bu kitabın böyük əhəmiyyəti var. Sonda kitabın müəllifi AMEA-nın müxbir üzvü Misir Mərdanov Ulu Öndər Heydər Əliyevlə bağlı unudulmaz xatirələrini bölüşdü. O, nəşrin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin iştirakçılarına minnətdarlığını bildirdi.