Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlim keçirilmişdir
10 mart 2023-cü il tarixdə Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti başçısı aparatı və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlim keçirmişdir.
Təlimdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 739 nömrəli 23 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019-2022-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın “Dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi”nə dair 8.9-cu bəndinin “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlimlər keçirilməsi” tapşırığı barədə 8.9.3-cü yarımbəndinin icrasından irəli gələn məsələr müzakirə olunub. Təlimi giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısının müavini, dövlət qulluqçularının etik-davranış qaydaları üzrə komissiyanın sədri Xaliq Möhbalıyev Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklər, dövlət qulluğunun inkişaf istiqamətləri və prinsipləri, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2022-ci illərdə icrası üzrə Fəaliyyət Planı çərçivəsində həyata keçirilmiş tədbirlər, habelə Strategiyanın 2023-2025-ci illər üzrə Fəaliyyət Planının icra vəziyyəti barədə iştirakçılara məlumat vermişdir. Təlim zamanı, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə xidməti fəaliyyətinin qiymətləndirilməsinin zəruriliyi bildirilib. Mövzu üzrə slayd nümayiş etdirilib təlim iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.