Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 5 mart-Bədən tərbiyəsi və idman günü qeyd edilib

03 mart 2022 | 11:00

Bu gün Yasamal rayon İcra Hakimiyyətində 5 mart-Bədən tərbiyəsi və idman günü münasibəti ilə idman ictimaiyyəti nümayəndələrinin rayon toplantısı keçirildi.Тoplantını giriş sözü ilə açan Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə 5 mart tarixi «Bədən tərbiyəsi və idman günü» elan edilmişdir. İlham Səfərov qeyd etdi ki, dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar ölkə rəhbərliyinin idmana və idmançılara olan qayğısının bariz nümunəsidir.

Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev isə çıxış edərək qeyd etdi ki, bədən tərbiyəsi və idman Azərbaycan dövləti üçün hər zaman ən mühüm sahələrdən birini təşkil edib. Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycan son 20 ildə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir.

Bildirildi ki, bu gün Yasamal rayonunda müxtəlif idman və bədən tərbiyəsi mərkəzləri fəaliyyət göstərir, o cümlədən, şahmat-dama klubları,idman-sağlamlıq mərkəzləri,uşaq-gənclər idman məktəbləri.Qeyd olundu ki, son bir neçə ildə Yasamal rayonundakı müxtəlif ünvanlarda süni örtükü futbol meydançaları sakinlərin istifadəsinə verilib. Bu futbol meydançalarının tikintisi və açılışı Yasamal rayon İcra Hakimiyyətnin başçısı Elşad Həsənovun xüsusi diqqət mərkəzində olub və bundan sonra da yeni idman infrastrukturlarının istifadəyə verilməsi rayon İcra Hakimiyyəti üçün prioritet olacaq.

Daha sonra çıxış edən millət vəkili Ülvi Quliyev, olimpiya çempionu Zemfira Meftahətdinova və digər natiqlər Azərbaycan idmanının uğurları və qarşıda duran məqsədlər barədə danışdılar.

Sonda bir qrup idman ictimaiyyəti nümayəndəsi əldə etdikləri yüksək nəticələrə görə fəxri fərmanlarla mükafatlandırıldılar.

Keçidlər