Ahıllar günü qeyd edildi
Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Elit” şadlıq sarayında “Ahıllar günü” münasibəti ilə tədbir keçirildi.
Yasamal rayon İcra Hakimiyyətinin Başçısı cənab İbrahim Mehdiyev giriş sözü ilə tədbiri açıq elan etdi. Tədbirdə iştirak edən Azərbaycan Respublikası Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanlı öz çıxışında ahılları təbrik edərək onlara diqqət və qayğının mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Tədbirə rayon ərazisində yaşayan 130 nəfər ağsaqqal və ağbirçəklər dəvət olunmuşdular. Rayon Uşaq Gənclər Mərkəzinin dərnəklərində məşqul olan yeniyetmə və gənc rəqqas və müğənnilərin çıxışları ilə başlayan tədbir İ.Əbilov adına Mədəniyyət Mərkəzinin üzvlərinin ifaları ilə davam etdirildi.
Tədbir yüksək əhval-ruhiyyə ilə keçdi və məclisdə iştirak edənlərə və hərəkət məhdudiyyəti üzündən iştirak edə bilməyənlərin evlərinə çatdırılmaqla cəmi 330 nəfər ahıla ərzaq yardımları paylandı.