Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi mərasimi keçirildi
Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə A.M.Şərifzadə küçəsində yerləşən “İdeal” şadlıq sarayında müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi mərasimi keçirildi.
Mərasimdə Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, Yasamal rayon Ağsaqqallar Şurasının sədr müavini Eldar Eyvazov, Yasamal rayon Ziyalılar Cəmiyyətinin sədri Rasim Nəbiyev və başqaları çıxış edərək Ramazan ayının fəzilətlərindən, orucluğun islam ayinləri sırasında əhəmiyyəti və rolundan geniş məlumat verdilər. Mərasimdə, həmçinin, ulu öndər Heydər Əliyevin milli dəyərlərlə bərabər islam dəyərlərinə də xüsusi önəm verməsindən, bütün sahələrdə olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dini məsələlərdə də varislik prinsiplərinə sədaqətindən konkret faktlarla ətraflı söhbət açıldı.
Qeyd olundu ki, müstəqillik dövründə respublikamızda 1500-dən çox məscid tikilmiş, tarixi məscidlərimizin demək olar ki, hamısı əsaslı surətdə təmir olunmuşdur, Azərbaycandakı məscidlər digər ölkələrdəkilərdən heç də geri qalmır. Azərbaycan Respublikası dünyəvi dövlət olmasına baxmayaraq islam dəyərləri həyatımızın ayrılmaz hissəsidir. Belə ki, üçrəngli bayrağımız özündə islam dəyərlərini əks etdirir. Ramazan və Qurban bayramları rəsmi dövlət bayramı kimi qeyd olunur.
Mərasimdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının aparatı, idarə, müəssisə və təşkilatların, o cümlədən dini qurumların nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ Müharibəsi əlilləri və veteranları, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olan və digər imtiyazlı və aztəminatlı ailələrdən olan şəxslər iştirak etdilər. Tədbir çərçivəsində bu qəbildən olan insanlara həm də bayram sovqatı verildi.
İftar süfrəsi mərasiminə ümumilikdə 150 nəfər iştirak etdi.