15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar “Böyük xilaskar” adlı tədbir keçirildi
Yasamal rayon Heydər Əliyev Mərkəzində 15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar “Böyük xilaskar” adlı tədbir keçirildi.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin şöbə rəisi, Gənc Vətənpərvərlər Birliyinin sədri, Müfəttişliyin bir qrup əməkdaşı, Gənc Vətənpərvərlər Birliyinin nümayəndələri, Moskvada “Azərbaycan Diaspora” qəzetinin müxbiri, “Ulu Körpü” qəzetinin redaktoru, Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşı, Yasamal rayon MKS-nin əməkdaşları, Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri iştirak edirdi.
Tədbir iştirakçıları ilk öncə Mərkəzin “Muzey” bölmələri ilə tanış oldular. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən eksponatlar haqqında qonaqlara ətraflı məlumat verildi.
Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Müqamət Əliyev tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi , çağdaş Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş bu əlamətdar hadisəylə bağlı tarixi faktları, 20 il bundan öncə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyət və böyük bacarığı sayəsində Azərbaycanın müstəqilliyinin qorunub saxlanıldığını və bü gün çiçəklənən Azərbaycanın onun miras qoyub getdiyi ən böyük sərvət olduğunu vurğuladı.
“Azərbaycan Diaspora” qəzetinin müxbiri, “Ulu Körpü” qəzetinin redaktoru Şükufə İsmayılzadə müəllifi olduğu “Azərbaycanın böyük oğulları” “Genosid qurbanı” adlı kitablarını və redaktoru olduğu “Ulu körpü” qəzetini Heydər Əliyev Mərkəzinə təqdim etdi.
Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olundu.