Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubiley tədbirləri çərçivəsində nümunəvi abad məhəllənin açılış mərasimi keçirilmişdir
Yasamal rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsünə və rayon sakinləri ilə rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşündə sakinlərin müraciətləri nəzərə alınaraq rayon bələdiyyəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin daha mütəşəkkil keçirilməsinin təmin olunması məqsədi ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq A.M.Şərifzadə küçəsi 108,110,112 və 114 saylı yaşayış evlərinin əhatə etdiyi ərazidə yaradılmış nümunəvi abad məhəllənin açılış mərasimi keçirilərək sakinlərin istifadəsinə verilmişdir.
Nümunəvi abad məhəllənin ümumilikdə 1 hektaradək ərazisi tullantılardan təmizlənərək planlaşdırma işləri aparılmışdır. Bu ərazidə 3 ədəd günlük, 8 ədəd oturacaq, 4 ədəd uşaqlar üçün əyləncə elementləri quraşdırılmış, 2 meydança tikilmişdir. Yaşayış məhəlləsinə 300 kv.m üzlük daş plitə döşənmiş, 290 paqonmetr bardür düzülmüş, 700 kv.m sahəyə asfalt vurulmuşdur. Yüksək zövqlə yaşıllıq zolağı yaradılaraq 350 kv.m sahəyə qazon örtüyü salınmış, 200 ədəd küknar və şam ağacları, 250 ədəd dekorativ gül kolları əkilmişdir.
Yasamal rayon bələdiyyəsinin sədri Zakir Cəfərov giriş sözü ilə çıxış edib mərasimi açıq elan etdikdən sonra Yasamal rayon İcra Hakimiyyətinin Başçısı cənab İbrahim Mehdiyev geniş məruzə ilə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətləri, onun siyasi irsinin təbliğinin əhəmiyyəti, ulu öndərin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və digər aktual məsələlərdən danışmışdır. Natiq, həmçinin, məruzəsində ölkə Başçısının yerli İcra Hakimiyyətləri və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlar, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən Dövlət Proqramlarının icrası vəziyyətinə də toxunmuşdur. Sakinlərin abadlaşdırılmış ərazidə hələ də mövcud olan problemlərin aradan qaldırılmasına dair müraciətlərinin müsbət həllinə məsul olan icraçılar müəyyənləşdirildi və onlara konkret tapşırıqlar verildi, sakinlərə qaldırılmış məsələlərin qısa müddətdə öz həllini tapacağı bildirildi. Açılış mərasimində Yasamal rayon Ağsaqqallar Şurasının sədri Kərim Kərimov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əbülfəz Babayev çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində Yasamal rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd etdilər. Çıxış edən sakinlər hamının adından nümunəvi abad məhəllənin yaradılmasına görə ölkə rəhbərliyinə, rayon İcra Hakimiyyətinə və rayon bələdiyyəsinə öz minnətdarlıqlarını çatdırdılar. Açılış mərasimində rayon İcra Hakimiyyəti Başçısı aparatı, rayonun hüquq-mühafizə, məhkəmə orqanlarının, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.
Açılış mərasiminin bədii hissəsi sakinlər tərəfindən maraqla qarşılandı, xüsusən, azyaşlılar və yeniyetmələr musiqi sədaları altında rəqslərdə və əyləncələrdə yaxından iştirak etdilər. Yasamal rayon Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qrupunun milli rəqslərlə çıxışları rayon sakinlərinin dəfələrlə sürəkli alqışları ilə müşayiət olundu.