2013–cü ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrlə bağlı iclas
Yasamal rayon İcra Hakimiyyətində 2013–cü ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin məruzəsi dinlənildi. O qeyd etdi ki, Dövlət proqramlarının icrası nəticəsində rayonda uzun illər mövcud olan bir sıra problemlər artıq öz müsbət həllini tapıb.
“2011–2013–cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərdən 25–i tamamilə başa çatdırılıb. Bunlardan 22–si məktəblər və məktəbəqədər müəssisələrin əsaslı təmiri və 3 telefon stansiyasının yenidən qurulması olmuşdur. 21, 32, 34, 54, 184 saylı körpələr evi–uşaq bağçaları əsaslı təmir olunaraq cari ilin yanvar ayının ortalarından fəaliyyətə başlamışlar. 60, 77, 82 saylı körpələr evi–uşaq bağçaları da Dövlət Proqramına əsasən təmir olunmuşdur. Aprel ayının 10–da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva 60 və 77 saylı uşaq bağçalarının əsaslı təmirdən sonra açılış mərasimlərində iştirak etmişdir. 2013–cü ildə əsaslı təmir olunacaq doqquz təhsil müəssisəsindən artıq ikisində–53 və 158 saylı tam orta məktəblərdə cari ilin mart ayından etibarən təmir işlərinə başlanılmışdır. 117 saylı körpələr evi–uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir. Yeni Yasamal yaşayış massivində inşa edilən şəhər və uşaq poliklinikalarının, köməkçi yardım stansiyasının tikinti işləri davam etdirilir.
13 saylı uşaq poliklinikası da əsaslı təmir olunaraq rayon sakinlərinin istifadəsinə verilmişdir. 19 saylı şəhər poliklinikasında Dövlət Proqramına əsasən aparılan əsaslı təmir işləri başa çatdırılmışdır. Proqramın 17 bəndi qismən icra olunmuş, digər tədbirlərin icrası isə 2013–cü ildə nəzərdə tutulmuşdur. Bunlar rayonun qaz, elektrik enerjisi, su və kanalizasiya, yol təsərrüfatı və nəqliyyat, abadlıq və təhsil sahələrini əhatə edən genişmiqyaslı tədbirlərdir. Proqramın 3 bəndi —tunel tipli kanalizasiya kollektorunun tikintisi, 2–ci Alatava yaşayış massivi ərazisində yerləşən 35/6 kilovoltluq yarımstansiyanın və Yeni Yasamal yaşayış massivində parkın yenidən qurulması rayon icra hakimiyyətindən asılı olmayan amillərdən —maliyyə vəsaitinin açılmaması səbəbindən gecikir.
Nizami küçəsində Respublika Prokurorluğunun ətrafındakı ərazidə bərpa və abadlıq işləri aparılır. Binaların köhnə suvaq və rəngləri təmizlənərək ərazidən 6 ton inşaat tullantıları daşınmış, 1735 kvadratmetr divar səthi bərpa edilmiş və emulsiya ilə rənglənmişdir. Eyvanlar təmir edilərək 635 kvadratmetr məhəccər taxta ilə üzlənmişdir. Eyvanlara 269 kvadratmetr döşəmə vurulmuşdur. 297 kvadratmetr taxta pəncərə təmir edilmiş, 2 ədəd taxta qapı, 1 ədəd dəmir qapı yenisi ilə əvəzlənmiş, 1 ədəd dəmir darvaza rekonstruksiya edilmişdir.
Bundan əlavə, 8 kubmetr həcmində beton çıxıntılar dağıdılmış, binaların künc hissəsində 40,32 kvadratmetr aqlay daraq cilalanmış, divarlarda 756 kvadratmetr aqlay üzlük və 62 kvadratmetr pəncərə kənarları cilalanmış, binaların dam örtüyünün ətrafına 160 poqonmetr aqlay papaq qoyulmuşdur.
3 yaşayış binasının fasadında yenidənqurma və bərpa işləri başa çatdırılmışdır.
7 yaşayış binasında 480 kvadratmetr müxtəlif materialdan ibarət dam örtüyü təmir edilmiş, 20 yaşayış binasında 400 poqonmetr aşağı paylayıcı istilik xətləri dəyişdirilmişdir.
Özbaşına tikililərin qarşısının alınması sahəsində işlər davam etdirilərək 4 ədəd müxtəlif təyinatlı qeyri–qanuni tikili, 5 ünvanda zəbt olunmuş torpaq sahəsi ətrafına çəkilmiş hasarlar sökülmüşdür.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə Yasamal bələdiyyəsi tərəfindən A.M.Şərifzadə küçəsi, 108, 110, 112, 114 saylı ünvanlarda, mərasim evinin ətrafında nümunəvi həyət salınır və abadlıq işləri aparılır. Yaşayış binalarının əhatə etdiyi təxminən 1200 kvadratmetr sahədə ərazi kol–kosdan və tullantılardan təmizlənmiş, metal tor və çəpərlər sökülmüş, tərtib olunmuş eskiz əsasında abadlıq işlərinə başlanmış, ərazidə planlaşdırma işləri aparılmışdır. 250 kvadratmetr tamet üzlük döşənməsi, 350 kvadratmetr yeni asfalt örtüyü vurulması, 350 poqonmetr bardür düzülməsi nəzərdə tutulan ərazidə 3 ədəd 18 kvadratmetr ölçüdə günlük, 2 ədəd yelləncək, 1 ədəd sürüşkən quraşdırılmışdır.
Cari ilin üç ayı ərzində rayonun A.M.Şərifzadə küçəsi, 96, 98, 104, 108 saylı evlərdə və M.Seyidov küçəsi, 37 ünvanında binadaxili 2450 metr kabel xətti, 58 ədəd sayğaclaşma üçün panel quraşdırılmış, M.Muxtarov, C.Məmmədquluzadə, Qədirli, Zərgərpalan, M.A.Əliyev küçələrində 545 metr 0,4 kv–luq kabel xətti dəyişdirilmişdir.
Əhalinin və müəssisələrin təbii qazla təminatının yaxşılaşdırılması məqsədi ilə rayonun 51 qaz tənzimləyici məntəqəsinə, 208 qaz tənzimləyici şkafa profilaktiki xidmət göstərilərək 144 ədəd quyudaxili siyirtmə və 680 ədəd açıq siyirtmələr təftiş edilmişdir.
Təbii qazdan qeyri–qanuni istifadə hallarının qarşısının alınması üçün 15055 abonentin qaz avadanlıqlarına texniki baxış keçirilərək 286 qeyri–qanuni birləşmə ləğv edilmişdir.
M.Rahim küçəsində uzun illər istismarda olan 325 millimetr diametrli orta təzyiqli yeraltı qaz kəməri H.Cavid prospektinə qədər əsaslı təmir edilmiş və Z.Xəlilov küçəsi ilə B.Bağırova küçəsinin kəsişməsində 160 millimetr diametrli orta təzyiqli 508 metr qaz kəməri polietilen qaz kəməri ilə əvəz edilmişdir.
Moskva prospekti, 75 və 75a saylı binalar üçün kombi tipli qazanxana tikilərək istifadəyə verilmişdir. Rayon istilik şəbəkəsində müxtəlif diametrli 544 metr istilik borusu dəyişdirilmiş, 4 ədəd qazan aqreqatı əsaslı təmir edilmiş, Ş.Mehdiyev küçəsi, 97a saylı və A.Abbasov küçəsi, 2 saylı binaların aşağı paylayıcı xətlərində əsaslı təmir işləri başa çatdırılmışdır. Ş.Mehdiyev küçəsi 95, 95a və 97 saylı binalarda bu işlər davam etdirilir.
Rayon Su–kanal Departamenti tərəfindən rayon ərazisində 789 qəza ləğv edilmiş, 2243 metr su borusu, 8 ədəd siyirtmə, 5 ədəd su nasosu, 3 ədəd mühərrik quraşdırılmış, 67 ədəd su nasosu, 63 ədəd mühərrik, 46 ədəd siyirtmə, 455 metr su borusu təmir edilmiş, 1695 ədəd su sayğacı quraşdırılmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin Yasamal rayonunda yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə rayon icra hakimiyyəti başçısının 6 fevral 2013–cü il tarixli 30 saylı sərəncamı verilmiş və yubiley tədbirlərinin mütəşəkkil keçirilməsi üçün 23 bənddən ibarət silsilə tədbirlər planı təsdiq olunmuşdur.
Tədbirlər planına əsasən rayonda bu ilin əvvəlindən başlayaraq ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı abadlıq, quruculuq və yenidənqurma işlərinə başlanmışdır. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən şəhərin şimal hissəsindən rayon ərazisinə daxil olan əsas yolun ətrafında, Moskva prospekti ilə Xarici Dairəvi yolun kəsişməsində 1,4 hektar sahədə abadlıq və yenidənqurma işləri aparılır.
Ulu öndərin anadan olmasının 90 illik yubiley tədbirləri çərçivəsində həyata keçirilən işlərin tərkib hissəsi kimi A.Abbasov küçəsi ev 1, Yeni Yasamal yaşayış massivi, ev 54 və Z.Xəlilov küçəsi 570–ci məhəllədə nümunəvi həyətlər, istirahət guşələri yaradılır.
Rayonun ümumtəhsil müəssisələri arasında “Heydər Əliyev Müstəqil Azərbaycanın qurucusudur” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.
Ali və orta ixtisas məktəblərinin komandaları arasında yubileyə həsr olunmuş mini futbol və şahmat üzrə rayon birinciliklərinə start verilmişdir.
Martın 15–də yubileylə bağlı Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycan idmanının yüksəlişində Heydər Əliyev fenomeni”, martın 29–da “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsində qarşılıqlı fəaliyyətin təşkili” mövzularında dəyirmi masalar keçirilmişdir.
Rayonun mədəni–maarif müəssisələrində yubiley münasibətilə ədəbi–bədii gecə və silsilə tədbirlər keçirilir.
May ayının 3–də rayon icra hakimiyyəti ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan, artıq ənənə halını almış “Gül Bayramı”, mayın 6–da isə rayon ictimaiyyətinin iştirakı ilə akademik Milli Dram Teatrında təntənəli böyük bayram tədbiri keçirəcəkdir.
Ulu öndərin 90 illik yubileyi münasibəti ilə may ayının 10–da Heydər Əliyev Sarayının qarşısındakı parkda keçiriləcək “Gül bayramı” ilə əlaqədar gül sərgisində nümayiş etdiriləcək bir neçə müxtəlif fiqurun (“Timsah”, “Mikki–Maus” və “İlbiz”) tərtibatı Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.
Hesabat dövründə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ünvanlı dövlət sosial yardımın ünvanlılıq, ədalətlilik və şəffaflılıq prinsiplərinə riayət olunmaqla, yardımın daha çox ehtiyacı olan ailələrə yönəldilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir.
Hesabat dövründə gənclərin ordu sıralarına çağırışı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin sərəncamlarının və Nazirlər Kabinetinin qərarlarının icrası istiqamətində zəruri işlər görülmüş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsi, aidiyyəti təşkilatlarla birgə bütün çağırışlarda müsbət nəticələr əldə edilmişdir.
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər əvvəlki illərdə olduğu kimi bu il də davam etdirilmişdir.
Rayon icra hakimiyyəti başçısının birinci rübdə 5 səyyar qəbul–görüşü keçirilib. Burada iştirak edən 825 rayon sakinindən 48 nəfər tərəfindən sosial–məişət məsələləri ilə əlaqədar müraciət olunub ki, onların hamısı bütünlüklə öz müsbət həllini tapıb.
Bildiyiniz kimi, bu ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçiriləcəkdir. Seçki Məcəlləsinin, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq seçkilərin keçirilməsi ilə əlaqədar bir sıra məsələlərə görə məhz rayon icra hakimiyyətləri məsuliyyət daşıyırlar. Müvafiq qanunvericiliyin müəyyən etdiyi qaydalarla bir çox vəzifələrin icrası idarə, müəssisə və təşkilatlara həvalə olunur. Hesab edirəm ki, seçki kampaniyasının başlanmasına hələ bir müddət qalmasına baxmayaraq hər bir vəzifəli şəxs indidən onun üzərinə düşən vəzifələrin icrası istiqamətində müəyyən işlər görməlidir.
Cəmiyyətimizin bütün zümrələri ilə mütəmadi ünsiyyətdə olmağımız, vətəndaşlarla sıx təmas qurmağımız onu söyləməyə əsas verir ki, ölkəmizdə sağlam ictimai fikir formalaşıb.
Qədirbilən xalqımız ulu öndər Heydər Əliyevin siyasi, iqtisadi, eləcə də sosial yönümlü kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəstəkləyir, onu Azərbaycan xalqının alternativsiz lideri, dövlətçiliyimizin təhlükəsizliyinin qarantı hesab edir.
Rayon İcra Hakimiyyəti istər seçkilərlə bağlı tədbirləri, istərsə də öz üzərinə düşən digər vəzifələri bundan sonra da layiqincə icra edəcəkdir.
Yığıncaqda Bakı metropoliteninin rəisi, YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov, “Ozon” zavodunun direktoru Çingiz Əliyev, 3 saylı şəhər poliklinkasının baş həkimi Azər Məmmədov çıxış etdilər.
Toplantını rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev yekunlaşdıraraq qeyd etdi ki, rayonda 2013–cü ildə sosial–iqtisadi vəzifələr uğurla yerinə yetiriləcəkdir.