Yasamalda “Üçrəngli bayrağımız qürur mənbəyimizdir” adlı konfrans keçirildi
Yasamal rayon İcra Hakimiyyətinin və 1 nömrəli Bakı Tibb Kollecinin birgə təşkilatçılığı ilə böyük təntənə ilə Azərbaycan Dövlət Bayrağı gününə həsr olunmuş “Üçrəngli bayrağımız qürur mənbəyimizdir” adlı konfrans keçirildi. Əvvəlcə kollecin foyesində tələbələrin əl işlərindən ibarət sərgi ilə tanışlıq oldu.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Milli Elmlər Akademiyasının “Fəlsəfə” İnstitutunun əməkdaşları, rayon ümumtəhsil və orta ixtisas məktəblərinin direktorları, ziyalılar, rayon ictimaiyyəti, kollecin müəllim və tələbə heyəti iştirak etdilər.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov çıxış edərək bildirdi ki, ənənəvi olaraq hər il milli bayrağımızın tarixi ilə bağlı gənc nəsil arasında təbliğat tədbirləri keçirilir. Tədbirin əsas məqsədi gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.Azərbaycan bayrağı dövlətimizin simvoludur. Bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalandığı torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Diqqətə çatdırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı sayılan bayrağımız xalqımızın azadlıq məfkurəsini, milli-mənəvi dəyərləri və ümumbəşəri idealları əks etdirir. Bu gün işğal altında olan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcək və üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Ağdamda, Laçında və digər rayonlarımızda əzəmətlə dalğalanacaq.
Çıxış edənlər Azərbaycan Milli Elmlər Akademiyasının “Fəlsəfə” İnstitutunun “İdrak” şöbəsinin” müdiri, fəlsəfə elmləri doktoru, professor Fizuli Qurbanov və Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda YAP özək təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov bildirdilər ki, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis olunan üçrəngli bayrağımız 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra dəyişdirilib. Lakin XX əsrin sonunda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən əsas bayraq kimi bərpa olunub. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulundan sonra Azərbaycan Respublikası Cümhuriyyətin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib.
Daha sonra kollecin müəllimləri Könül Salahovanın “Azərbaycan səhiyyəsi ümumdünya səhiyyəsinin bir hissəsidir”, Gülnarə Əhmədovanın “Bayraq mənliyimdir, bayraq kimliyim”, Elif Məmmədovanın “Azərbaycan gəncliyi hər zaman bayrağına sahib çıxmalıdır” mövzularında çıxışları dinlənildi.
Tələbələrin ifasında Bəxtiyar Vahabzadənin, Əhməd Cavadın, Cəfər Cabbarlının şeirləri və musiqi səsləndi.