İcra başçısı Nəriman Nərimanov prospektinin sakinlərilə görüşdü
Avqustun 15-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati dairəsinin ərazisində, 173 saylı tam orta məktəbin həyətində Nəriman Nərimanov prospektinin sakinləri ilə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov xüsusilə Azərbaycan Respublikası Prezidentinin son aylarda imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, minimum əməkhaqqının 250 manata çatdırılmasını, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasının vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları sakinlərin diqqətinə çatdırdı.
İcra başçısı Yasamal rayonunda xüsusilə “Sovetski” deyilən ərazinin sökülərək yerində analoqu olmayan müasir tələblərə cavab verən parkın sakinlərin istifadəsinə verilməsinin şəhərimiz üçün böyük hadisə olduğunu bildirdi. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi və Prezident təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə də sakinlər məlumatlandırdı.
Ə.Əzizov çıxışında dövlət başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə SOCAR-şirkəti, Yasamal RİH ilə birgə rayon üzrə 24 məhəllədə abadlıq-quruculuq işlərinə start verildiyini, növbəlilik gözlənilməklə abad məhəllələrin yaradılmasının gələcəkdə bütün həyətləri əhatə edəcəyini bildirdi.
Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə başçısına və birinci xanıma öz minnətdarlıqlarını bildirdilər.
Görüşdə vətəndaşları narahat edən əsas məsələlər növbəti söküntü işlərinin başlanması tarixi və konpensasiya məsələləri ilə bağlı oldu. İcra başçısı sakinləri narahat edən problemlərlə bağlı ətraflı danışaraq xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.