Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş Gənclərin Sağlamlıq Festivalı keçirildi

05 aprel 2019 | 11:00

Aprelin 5-də Səhiyyə və Gənclər və İdman nazirlikləri, Yasamal Rayon İcra Hakimiyyəti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “İnkişaf naminə idman” İctimai Birliyinin təşkilatçılığı ilə Yasamal rayonunda yerləşən “Hüseyn Cavid” parkında “HərəkətdəSƏN, kreativSƏN” şüarı altında Gənclərin Sağlamlıq Festivalı keçirildi.

6 aprel - Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş tədbirdə səhiyyə nazirinin müavini Rahim Əliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək qeyri-infeksion xəstəliklərlə mübarizədə fiziki aktivliyin əhəmiyyətindən danışıb və Sağlamlıq Festivalının məqsədinin gənclər, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi, sağlam həyat tərzini təbliğ etmək olduğunu bildiriblər.

Sonra fevral ayından başlayaraq Yasamal rayonundakı tam orta məktəblər arasında keçirilən yarışlarda seçilən 5 məktəbin şagirdləri, o cümlədən əlilliyi olan gəncləri fiziki aktivliklə bağlı bir sıra müsabiqələr, şən, təhlükəsiz, inklüziv estafetlər və yarışlarda iştirak ediblər. Tədbir zamanı gənclərə futbol, basketbol, akrobatika, yüngül atletika, boks üzrə fəaliyyətlər təqdim olunub. Festival iştirakçıları yekunda təltif olunublar. İlk üç yeri tutan məktəblər diplom, kubok və başqa hədiyyələrlə mükafatlandırıldılar.

Festivalda, həmçinin nümunəvi çıxışlar göstərildi. Məşqçi-təlimatçılar tədbirə təşrif buyuran ailələr və uşaqları da bu fəaliyyətlərə qoşulmağa dəvət ediblər. Bununla yanaşı, əhalinin fiziki aktivliklə bağlı məlumatlandırılması məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.

Qeyd edək ki, Gənclərin Sağlamlıq Festivalı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”sına uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, fiziki aktiv olmağın sağlamlığa olan faydaları barədə ictimaiyyəti bir daha məlumatlandırmaq məqsədi daşıyır. Məlum olduğu kimi Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində yaşlı nəsillə bərabər cavanların da daha çox oturaq həyat tərzi keçirməsi bir sıra qeyri-infeksion xəstəliklərin inkişafına təsir göstərir. Fiziki aktivlik, eyni zamanda, yeniyetmə və gənclər arasında yayılan piylənmə, ürək-damar xəstəlikləri və depressiyaya qarşı ən effektiv profilaktika metodlarından biri olduğuna görə Gənclərin Sağlamlıq Festivalının keçirilməsi sağlam həyat tərzinin təbliği üçün də çox vacibdir.

Keçidlər