Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü keçirildi
Aprelin 4-də Yasamal rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində yerləşən 286 saylı tam orta məktəbin akt zalında Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarda, xüsusən paytaxtda həyata keçirilən abadlıq-quruculuq işləri, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş tədbirlər haqqında ətraflı məlumat verdi. Rayon İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, bu istiqamətdə aparılan işlərin miqyası getdikcə daha da genişlənir. Bundan başqa, rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov öz çıxışında ötən ilin əvvəlindən başlayaraq Yasamal rayonunda həyata keçirilən geniş və iri miqyaslı abadlıq-quruculuq işlərinin əhəmiyyətindən, bu ildən rayon ərazisində bu işlərin artıq digər sahələri əhatə etməsindən, xüsusilə bu işlərin daha çox Yeni Yasamal yaşayış massivinin ərazisini əhatə etməsindən danışdı.
Səyyar qəbul-görüşdə sakinləri maraqlandıran suallara ətraflı cavablar verildi, bir sıra məsələlərin operativ qaydada həlli üçün göstərişlər verildi.