Aprel döyüşlərinin Qəhrəmanı Cabbarxan Hacıağayevin anım günü
Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı tarixi qələbədə şəhid olmuş Cabbarxan Hacıağayevin ildönümü qeyd olundu.
Anım Xocəsən məzarlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Məzarı önünə əklil qoyuldu.
Anım gününə valideynləri, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon şöbəsinin rəisi Polad İbrahimov, rayonun idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyəti və gəncləri, döyüş dostları, yaxınları və doğmaları toplaşdılar. Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu qeyd etdi. Əziz Əzizov bildirdi ki, bütün ölkədə olduğu kimi, Yasamalda da şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırdı. Aprel döyüşlərində Yasamal rayonundan hərbi xidmətə çağırılmış 4 nəfər əsgər və zabit şəhid olmuş, 4 nəfər ağır yaralanmışdır, bir nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. İcra başçısı Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olan aprel döyüşlərinin təkcə düşmənin deyil, bütün dünyanın bu 4 günlük müharibədə ordumuzun gücünü gördüyünü vurğuladı.
Şəhidin ruhuna dualar oxundu. Tədbirdən sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid ailələri ilə görüşdü.