Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul-görüş keçirdi

28 mart 2019 | 11:00

Martın 28-də 1 nömrəli Bakı Tibb Kollecinin akt zalında, 3 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyin ərazisində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Zivərbəy Əhmədbəyov, Mirzə Ağa Əliyev, Salatın Əsgərova küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin, minimum əmək haqqı məbləğinin artırılması, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi və Prezident təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə imzaladığı müvafiq Sərəncamları barədə geniş məlumat verdi.

İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət proqramlarının uğurla icrası nəticəsində Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, yolların salınması və əsaslı təmir edilməsini, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğuladı. Həmçinin, həyata keçirilən bu cür layihələr arasında keçmişdə “Sovetski” adlanan məhəllənin sökülməsi böyük əhəmiyyəti ilə seçildiyini qeyd etdi. Bu məhəllənin sökülməsi Bakının daha da müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olmaqla, şəhərin Baş Planının icrasının təmin olunmasına, habelə paytaxtda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına da böyük töhfə verdi. Bu ərazidə salınan yeni yollar Bakıda nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində, şəhərdə tıxacların azaldılmasında mühüm rol oynadı. Bu layihənin icrası həm də paytaxt sakinlərinin və Bakıya gələn çoxsaylı turistlərin mədəni istirahəti üçün müvafiq şəraitin yaradılması və şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin də davamlı olduğunu bir daha nümayiş etdirir.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbul-görüşdə sakinləri maraqlandıran suallara ətraflı cavab verərək qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd etdi, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər