Yasamal rayonunda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi qeyd olundu
Martın 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə Yasamal rayon İcra Hakimiyyətində tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Yasamal rayon İdarəsinin rəhbərləri və əməkdaşları, YAP Yasamal rayon təşkilatının sədri, rayon Polis İdarəsinin rəisi, rayon prokuroru, rayon Məhkəməsinin sədri,SHXÇ üzrə DX rayon idarəsinin rəisi, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.
Tədbiri Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açaraq bildirdi ki, Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 22 ildir ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 martı peşə bayramı günü kimi qeyd edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.Yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov vurğuladı ki, Ümummilli lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Həyatının 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən ümummilli lider o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaratdı, milliləşdirmə siyasətinin əsasını qoydu və bu məqsədə nail oldu. Ulu Öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və əlbəttə ki, təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynadı.
Digər çıxış edənlər Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Yasamal rayon İdarəsinin bütün əməkdaşlarını təbrik edərək bildirdilər ki, dövlətimizin asayişini qorumaq onların üzərinə düşür, biz də hər zaman onlara dəstək olmalıyıq.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə və milli təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Yasamal rayon İdarəsinin bir qrup əməkdaşlarına İcra Hakimiyyətinin “Fəxri fərmanları” təqdim edildi.