Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda sanitar təmizliyin vəziyyətinə həsr olunmuş müşavirə keçirilib

27 mart 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun sədrliyi ilə rayonda məişət tullantılarının yığılması və daşınmasının təkmilləşdirilməsi üzrə müşavirə keçirilib.

Müşavirədə rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, sahə inzibati dairələr üzrə başçının nümayəndələri, rayon bələdiyyəsinin, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, mənzil istismar və digər xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

İclasda çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonun sanitar təmizliyinin təmin edilməsinin qarşıya qoyulan əsas məqsədlərdən biri olduğunu bildirib. Bu sahədə müəyyən irəliləyişlərin olmasına baxmayaraq, rayonun bəzi ərazisinin məişət tullantılarından təmizlənməsi ilə bağlı nöqsanların mövcudluğunu müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Əziz Əzizov xüsusilə vurğulayıb ki, rayon ərazisinin daima təmiz saxlanılması, məişət tullantılarının vaxtında daşınması rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyənin bir nömrəli vəzifəsi olmalıdır. 

Qeyd olunub ki, rayon ərazisində  ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçiriləcək məqsədyönlü tədbirlər nəticəsində insanların sağlamlığının təmin edilməsi üçün rayonda kommunal xidmətlərin yaxşılaşdırılması, tullantıların vaxtında yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işi daha ciddi şəkildə yerinə yetirilməlidir.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında  A.M.Şərifzadə küçəsində, Qanlı Gölün ətraf ərazilərində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Azərbaycan Texniki Universitetinin həyətində sanitar təmizliyin qənaətbəxş olmadığını diqqətə çatdıraraq müzakirə olunan nöqsanların tezliklə aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib və məsələ ciddi nəzarətə götürülüb.

Müşavirədən sonra Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov  sözügedən ünvana baxış keçirmiş və yerindəcə müvafiq tapşırıqlar vermişdir. Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ərazidə sanitar təmizlik işləri aparılmış, həmçinin istifadəyə yararsız yarımçıq tikili və dəmir qarajlar sökülmüşdür.

Qeyd edək ki, rayonun digər ərazilərində də təmizliklə bağlı reyd keçirilmiş, mövcud nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Keçidlər