Ə.Ələkbərov küçəsi 522-ci məhəllənin sakinləri ilə səyyar qəbul-görüş keçirildi
Fevralın 28-də 225 saylı tam orta məktəbin akt zalında, 2 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyin ərazisində Ə.Ələkbərov küçəsi 522-ci məhəllənin sakinləri ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.
Görüşdə Yasamal rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 25-də keçirdiyi müşavirədə toxunduğu məsələlər barədə sakinlərə geniş məlumat verdi. Həmin müşavirədə səslənən son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin, minimum əmək haqqı məbləğinin artırılması, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi, şəhid ailələrinə verilən Prezident təqaüdlərinin artırılması, şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlərdən geniş bəhs etdi.
Görüşdə sakinlərdən Z.Rəşidov, G.İsgəndərov, H.Babayeva, F.Mahmudova, B.Əsgərova və digərləri işıq dirəklərində gedən elektrik xətlərinin, kanalizasiya xəttinin, su borusunun təmiri, münasib işlə təmin olunmaq və digər sosial problemlərlə bağlı icra başçısı Əziz Əzizova müraciət etdilər.
İcra başçısı Əziz Əzizov cari il üçün Yasamal rayonu üzrə Məşğulluq Mərkəzinə 755 vakant yer ayrıldığını bildirdi. Qeyd etdi ki, hazırda 555 nəfər işlə təmin olunmuşdur. Boş qalan 200 iş yerinə vətəndaşlar müraciət edə bilər.
Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.