İcra başçısı Əziz Əzizov A.M.Şərifzadə 33 və İ.Zülalov 19 küçəsinin sakinləri ilə növbəti görüş keçirdi
Fevralın 21-də 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyin ərazisində, A.M.Şərifzadə 33 və İ.Zülalov 19 küçəsinin sakinləri ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.
Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirdi ki, Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı dövlətin əsas prioritetlərindən biri olaraq daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Pilot layihə” kimi Bakı şəhərində XIX əsrin sonları, XX əsrin əvvəllərində inşa edilmiş, istismar müddəti keçmiş, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülərək onların yerində yeni, müasir evlərin tikilməsi bu gün Yasamal rayonunda da uğurla davam etdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında bildirdi ki, “Pilot layihə”nin əsas məqsədi orada yaşayan insanların mənzil şəraitinin yaxşılaşdırılması, təhlükəsizliyinin təmin edilməsidir. Həmin layihəyə görə sakinlər müvəqqəti olaraq başqa mənzillərə köçürülür, sahibkarlar tərəfindən mənzillər inşa olunduqdan sonra orada yaşayan əhali təqribən 15-20 faiz əlavə sahə ilə təmin edilirlər.
Sonra səyyar qəbul-görüşdə iştirak edən sakinlər Yasamal rayonunda aparılan abadlıq-quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Səyyar qəbul-görüşdə iştirak edən A.M.Şərifzadə 33 və İ.Zülalov 19 küçəsinin sakinləri sözügedən ünvanlarda üç il əvvəl qəzalı vəziyyətdə olmuş, tikinti şirkəti tərəfindən sökülən yataqxananın yerində hazırda yeni tikilən yaşayış binasının nə vaxta kimi başa çatdırılacağı ilə bağlı icra başçısı Əziz Əzizova müraciət etdilər. Həmçinin tezliklə təmirli mənzillərə köçmək istədiklərini bildirdilər.
Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov A.M.Şərifzadə 33 və İ.Zülalov küçəsi 19 ünvanlarında tikilməkdə olan yaşayış binalarına sakinlərlə birgə baxış keçirdi və yaranmış problemlərin həlli üçün aidiyyatı qurumlara müvafiq tapşırıqlar verdi.