A.M.Şərifzadə 33 və İ.Zülalov 19 küçəsinin sakinləri icra başçısı Əziz Əzizova müraciət etdilər
Yanvarın 31-də 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində, A.M.Şərifzadə 33 və İ.Zülalov 19 küçəsinin sakinləri ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.
Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək qarşıdan gələn 2 fevral-Gənclər Günü münasibətilə Azərbaycan gəncliyini təbrik edərək ölkədə gənclərə göstərilən dövlət qayğısından danışdı. İcra başçısı qeyd etdi ki, 1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə gənclərin inkişafı, onların asudə vaxtının səmərəli təşkili və beynəlxalq aləmə inteqrasiyası üçün hər cür şərait yaradılıb. Dövlətimizin başçısı Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşır. Gənclərlə bağlı qəbul olunan dövlət proqramları, imzalanan fərman və sərəncamlar bunun əyani təzahürüdür.
İcra başçısı Əziz Əzizov çıxışında Yasamal rayonunda 2018-ci ildə həyata keçirilən iri miqyaslı abadlıq və quruculuq işləri haqqında qısa məlumat verərək bu kimi tədbirlərin cari ildə də uğurla davam etdiriləcəyini vurğuladı. Həmçinin ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektlərinin dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alındığını xatırladaraq, söküntü işlərinin II mərhələsinin də uğurla həyata keçirildiyini və hazırda 1920 evin sakinlərilə əldə edilmiş razılığa əsasən satın alındığını bildirdi. İcra başçısı hazırda İkinci mərhələdə 13 hektar ərazini əhatə edən söküntü ərazisində də yeni yolların çəkildiyini, yaşıllaşdırma və abadlıq işlərinin aparıldığını və yaxın vaxtlarda görülən işlərin yekunlaşacağını sakinlərin diqqətinə çatdırdı. İcra başçısı III mərhələdə 11 hektar ərazini əhatə edən söküntü ərazisində də işlərin uğurla davam etdiriləcəyini vurğuladı.
Sonra səyyar qəbul-görüşdə iştirak edən sakinlər Yasamal rayonunda aparılan abadlıq-quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Səyyar qəbul-görüşdə iştirak edən A.M.Şərifzadə 33 və İ.Zülalov 19 küçəsinin sakinləri sözügedən ünvanlarda üç il əvvəl qəzalı vəziyyətdə olmuş, tikinti şirkəti tərəfindən sökülən yataqxananın yerində hazırda yeni tikilən yaşayış binasının nə vaxta kimi başa çatdırılacağı ilə bağlı icra başçısı Əziz Əzizova müraciət etdilər. Həmçinin tezliklə təmirli mənzillərə köçmək istədiklərini bildirdilər.
Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov A.M.Şərifzadə 33 və İ.Zülalov 19 küçəsinin sakinlərinə qaldırdıqları məsələnin müsbət həlli üçün zəruri tədbirlərin aparıldığını diqqətə çatdırdı.