Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Həsən Məcidov küçəsində sakinlərlə səyyar görüş keçirdi

24 yanvar 2019 | 11:00

Yanvarın 24-də 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində, Həsən Məcidov küçəsinin sakinləri ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatının sürətli və dinamik inkişafından, dövlətimizin əldə etdiyi uğurlardan bəhs etdi.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd etdi ki, ötən il dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak etdi, Agentliyin yeni yaşayış kompleksinin təməlini qoydu. Sonra dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində yerləşən istirahət parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldular. Bu gözəl hadisə hər birimizin, xüsusən də Yasamal sakinlərinin əsl bayram sevincinə səbəb olaraq rayonumuz üçün 2018-ci ilin ən yaddaqalan hadisəsinə çevrildi.

İcra başçısı Əziz Əzizov ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektlərinin dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alındığını xatırladaraq, söküntü işlərinin II mərhələsinin də uğurla həyata keçirildiyini hazırda 2010-a dək evin sakinlərlə əldə edilmiş razılığa əsasən satın alındığını bildirdi. İcra başçısı hazırda İkinci mərhələdə 13 hektar ərazini əhatə edən söküntü ərazisində də yeni yolların çəkildiyini, yaşıllaşdırma və abadlıq işlərinin aparıldığını və yaxın vaxtlarda görülən işlərin yekunlaşacağını sakinlərin diqqətinə çatdırdı. İcra başçısı III mərhələdə 11 hektar ərazini əhatə edən söküntü ərazisində də işlərin uğurla davam etdiriləcəyini vurğuladı.

Sonra səyyar qəbul-görüşdə iştirak edən sakinlər Yasamal rayonunda aparılan abadlıq-quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Səyyar qəbul-görüşdə iştirak edən Həsən Məcidov küçəsinin sakinləri istilik xəttinin təmiri, həyətlərin abadlaşdırılması və digər sosial problemlərlə bağlı icra başçısı Əziz Əzizova müraciət etdilər.

Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər