Sakinləri narahat edən problemlər aradan qaldırılır
Dekabrın 13-də 2 nömrəli sahə inzibati ərazi dairəsi Qızıl Şərq küçəsinin sakinləri ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışdı. İcra başçısı Əziz Əzizov çıxışında bildirdi ki, Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri və yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Yasamal rayonu ərazisində geniş abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanmışdır. Belə ki, Yeni Yasamal yaşayış massivində istirahət parkının əsaslı şəkildə yenidən qurulması işlərinin xeyli hissəsi artıq başa çatdırılmışdır. Həmçinin Əsəd Əhmədov küçəsinin Xarici Dairəvi yoldan başlayaraq A.M.Şərifzadə küçəsinə qədər uzanan 3100 metr hissəsində, o cümlədən, M.Xiyabani, D.Bünyadzadə, A keçidində, ümumiyyətlə, Yeni Yasamal yaşayış massivində bütün küçələrdə yenidənqurma və asfaltlaşdırma işləri aparılmışdır. Bundan başqa Yasamal rayonu, Şahbazi küçəsi, 583-cü məhəllədə yerləşən 2 korpusdan ibarət 11 saylı körpələr evi-uşaq bağçasında müxtəlif vaxtlarda cari təmir işləri aparılsa da körpələr evi-uşaq bağçası bu günün tələblərinə cavab vermədiyindən Yasamal rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə elə həmin yerdə müasir tipli 200 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə başlanıldığını və yaxın gələcəkdə sakinlərin istifadəsinə veriləcəyini qeyd etdi. Bundan başqa icra başçısı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Abad məhəllə” layihəsinin Yasamal rayonunda da uğurla həyata keçirildiyini bu müddət ərzində rayon ərazisində 17 yeni abad məhəllə salındığını və geniş miqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini vurğuladı.
İcra başçısı Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektlərinin dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alındığını xatırladaraq, söküntü işlərinin II mərhələsinin də uğurla həyata keçirildiyini hazırda 1700-dən çox evin sakinlərlə əldə edilmiş razılığa əsasən satın alındığını, bu işlərin ilin sona qədər yekunlaşdırılacağını bildirdi. İcra başçısı İkinci mərhələdə 13 hektar ərazini əhatə edən söküntü ərazisində də yeni yollar çəkiləcəyini, yaşıllaşdırma və abadlıq işləri aparılacağını sakinlərin diqqətinə çatdırdı.
Daha sonra Şahbazi küçəsi 99 saylı binanın sakinləri “Pilot layihə”, "Sosial mənzil" layihəsi haqqında məlumat verilməsini icra başçısından xahiş etdilər. O cümlədən, asfalt örütüyünün vurulması, həyətin işıqlandırılmasını, binanın istiliklə təmin olunmasını və və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər. Sakinlərin suallarını cavablandıran Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkə Prezidentinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılmasının dayandığını bildirdi. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ölkəmizdə "Sosial mənzil" layihəsi və qəzalı binaların sökülərək yerində yenisinin tikilməsinin uğurla həyata keçirildiyini xatırladaraq sözügedən ünvanlarında həmin layihələr üçün siyahıya alındığını qeyd etdi.
Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.