Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın yekunlarına həsr olunmuş müşavirə

07 dekabr 2018 | 11:00

Yasamal rayon təsərrüfatının 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığının yekunu, qış aylarında rayonun təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi. Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov və Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, rayon ictimaiyyətinin nümayəndələri, kommunal xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə sədri, təhsil, səhiyyə, həmçinin digər idarə və təşkilatların rəhbərləri iştirak etdilər.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılmasının ulu öndər Heydər Əliyevin, dövlətimizin daha da güclənməsinin, milli iqtisadiyyatımızın sürətli inkişafının Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyib. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlərin makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə, ölkənin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verdiyini bildirdi.

İcra Hakimiyyərinin başçısı Əziz Əzizov çıxışında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. Həmçinin bildirib ki, təsdiq olunmuş tədbirlər planına əsasən payız-qış mövsümündə Yasamal rayonunun küçə və məhəllədaxili yollarının qardan təmizlənməsi üçün xüsusi qərargah yaradılıb, cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayondakı kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, işçilər arasında xüsusi iş qrafiki təsdiq olunub, vacib olan duz və qum tədarükü görülüb.

Əziz Əzizov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həllini tapan “Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsinin növbəti mərhələsinin icrasının Yasamal rayon İcra Hakimiyyəti tərəfindən uğurla davam etdirildiyini də diqqətə çatdırıb. Belə ki, bu mərhələdə köçürülməsi nəzərdə tutulan 2010 yaşayış və qeyri-yaşayış obyektlərindən 1700-ə yaxın ünvanda daşınmaz əmlak sahibləri ilə razılaşma əldə edilib və müvafiq sənədləşmə əməliyyatları həyata keçirilərək alqı-satqıya təqdim olunub.

Dövlət başçısının tapşırığına əsasən paytaxtda quruculuq işləri çərçivəsində şəhərsalmanın müasir tələblər səviyyəsinə uyğunlaşdırılmasına diqqət yetirildiyini diqqətə çatdıran icra başçısı son bir neçə ay ərzində Yeni Yasamal yaşayış massivində yerləşən istirahət parkının yenidən qurulduğunu, bir sıra binaların qarşısında 16-dan çox yeni abad məhəllənin salındığını, eyni zamanda, Xarici Dairəvi yoldan başlayaraq “MİDA” MMC-nin ərazisindən keçərək A.M.Şərifzadə küçəsinə çıxışı təmin edəcək “N.Hikmət küçəsinin davamı” layihəsinin icrasının başa çatmaq üzrə olduğunu vurğulayıb.

Sonra Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Rüfət Əhmədov çıxış edərək 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barədə məlumat verib. Bildirib ki, cari il ərzində 31 yaşayış binasında 14849 kvadratmetr müxtəlif materiallardan olan dam örtüyü təmir edilib, 26-dan çox yaşayış binasının aşağı paylayıcı istilik xətlərində cari təmir işləri aparılıb. Həmçinin Ə.Əhmədov küçəsinin yenidən qurulması, M.Xiyabani, D.Bünyadzadə və Murad Mirzəyev küçələrinin asfaltlanması və səkilərin bərpası, Ş.Mehdiyev küçəsinin bir hissəsinin əsaslı təmiri və digər hissəsinin asfaltlanması işləri görülüb. Adı çəkilən küçələrin ətrafındakı yaşayış binalarının fasadları müasir üslubda yenidən qurulub.

Müşavirədə payız-qış mövsümündə yarana biləcək hər hansı bir çatışmazlığın aradan qaldırılması və digər bu kimi məsələlər müzakirə olunub, onların həlli və bütün bu işlərə digər qurumlarla əlaqəli surətdə nəzarətin təmini ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Rayon sakinlərinin rahatlığının təmini məqsədilə müvafiq tədbirlərin yüksək səviyyədə həyata keçiriləcəyi vurğulandı.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri Coşqun Cəbrayılov və Ayaz Hüseynov, Bakı şəhər MKTD-nin rəisi Rəfail Mehralıyev çıxış edərək 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı qarşıda duran vəzifələrin icrası ilə əlaqədar öz tövsiyə və təkliflərini verdi, görüləcək işlərə nəzarətin gücləndirilməsinin vacibliyini qeyd etdilər.

Keçidlər