Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi Yasamal rayonunda qeyd olundu

21 noyabr 2018 | 11:00

Ümummilli lider Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla hər il qeyd olunan ədliyyə işçilərinin peşə bayramı münasibətilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin və rayon Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon Qeydiyyat şöbəsinin rəisi İlahə Ələsgərova Azərbaycan ədliyyəsinin 1918-ci ildən başlayaraq keçdiyi şanlı tarixi yoldan bəhs etdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edildiyini vurğulayan İlahə Ələsgərova bildirdi ki, Azərbaycan ədliyyəsi Ulu Öndərin layiqli davamçısı və siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və təkmilləşir.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbirdə çıxış edərək ədliyyə və məhkəmə orqanlarında çalışan bütün əməkdaşları Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə təbrik edərək onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində nailiyyətlər arzuladı. Əziz Əzizov ədliyyə sisteminin inkişafının əsaslı dönüş mərhələsinin məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyərək Ümummilli Liderimizin hakimiyyətə qayıdışı ilə əsl müstəqilliyin bərqərar olduğunu, ölkəmizdə demokratik hüquqi dövlətin qurulduğunu, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafın təmin edildiyini diqqətə çatdırdı. O, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlərin, həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsini, ilk növbədə, insan hüquqlarının etibarlı təminatı, vətəndaşlara qayğılı münasibət, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsinin təşkil etdiyini nəzərə çatdırdı.

Yasamal rayon Məhkəməsinin sədri Araz Hüseynov Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər bu sahədə sürətli tərəqqiyə nail olunduğunu xüsusilə vurğuladı.

Tədbirdə son illər Azərbaycan ədliyyəsinin inkişafına dair videoçarx nümayiş olundu.

Sonda səmərəli fəaliyyətləri ilə fərqlənən ədliyyə işçilərinin bir qrupuna rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim edildi.

Keçidlər