Yasamal sakinləri ilə növbəti səyyar görüş keçirildi
Oktyabrın 18-də Yasamal rayon icra hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində, A.M.Şərifzadə küçəsi 130 nömrəli yaşayış binasının sakinləri ilə səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak etdi.
Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək rayon sakinlərini Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə təbrik etdi. İcra başçısı ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizin əldə etdiyi dövlət müstəqilliyinin qorunub saxlanılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük xidmətlərindən danışaraq, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın daha da güclənərək regionda qüdrətli və lider dövlətə çevrildiyini bildirdi.
Sonra səyyar qəbul-görüşdə iştirak edən sakinlər Yasamal rayonunda aparılan abadlıq-quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Səyyar qəbul-görüşdə A.M. Şərifzadə küçəsi 130 saylı binanın sakinləri istilik xəttinin, liftin, dam örtüyünün təmiri və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.
Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.